Qarabag Media
Haqqımızda Əlaqə

Bir məktubun faciəli sonu... (Güllələnmiş Azərbaycan generalları)


Tarix:10-02-2017, 00:41 Kateqoriya:Manşet / Şəxsiyyətlər / Cəmiyyət

Bir məktubun faciəli sonu... (Güllələnmiş Azərbaycan generalları)Nəriman Nərimanov bu dəfə Firudin bəy Vəzirovun dadına çata bilmir. Çünki artıq həyatda yox idi.

TBİLİSİ, 1919-CU İLİN İLIQ MAYI...

1919-cu il mayın əvvəllərində Tbilisidə (Tiflisdə) yaşayan istefada olan general Firudin bəy Vəzirov Bakıdan bir məktub aldı. Məktubu Azərbaycan ordusu Baş Qərargahının növbətçi generalı Əbdülhəmid bəy Qaytabaşı yazmışdı:

«Çox hörmətli general Firudin bəy cənabları.

Azərbaycan Demokratik Cümhuriyyətinin yaratdığı milli ordudan, şübhəsiz ki, xəbərdarsınız. Xalqımızın sərkərdə oğlu kimi bu şad xəbərə yəqin ki, siz də sevindiniz. Yeni yaranan orduda xidmət etmək üçün Sizin kimi bacarıqlı və təcrübəli sərkərdələrə çox böyük ehtiyacımız var... İnanırıq ki, Azərbaycan müstəqillik qazandığı vaxtda gənc Azərbaycan ordusunun sıralarında xidmət edən oğullarımız üçün Siz hərbi təcrübənizi əsirgəməyəcəksiniz. Ona görə də, xahiş edirəm, Baş Qərargahda birgə çalışmaq üçün dəvətimizi qəbul edəsiniz».


General məktubu oxuyub sevindi və həmən ailəsi ilə birgə Baklıya köçdü...

HƏYATI - HƏRB YOLU

Firudin bəy Vəzirov 1850-ci il aprelin 19-da Tbilisidə zadəgan ailəsində dünyaya gəlib. Atası Camal bəy Mirzə İsmayıl oğlu Tbilisidə məhkəmə iclasçısı olub. Firudin bəy ilk təhsilini şəhər klassik gimnaziyasında alıb. 1868-ci ildə Yelizavetpol Yunkerlər Məktəbini bitirib və unter-zabit rütbəsində yeddinci Belarus Qusar alayında xidmətə başlayıb.

1877-ci ildə onu Tver-Draqun alayına komandir təyin edirlər. Onun komandirlik etdiyi eskadron bir sıra döyüşlərə qatılır və bu döyüşlərdə göstərdiyi igidliyə görə Firudin bəy Vəzirov tunc medalla və üçüncü Aleksandrın imperatorluq ildönümü şərəfinə gümüş medalla təltif edilir.

Müharibədən sonra podpolkovnik Vəzirovun xidmət yeri ikinci Qafqaz Kavaleriya diviziyası olur, hətta o, əlaçı zabit kimi Qafqaz Hərbi Dairə Məhkəməsinin üzvü seçilir.

1897-ci ildə polkovnik rütbəsi alır. İki il sonra onuncu Novotroski Draqun Alayına komandir təyin olunur. Bir müddət Varşava, Rılski və b. şəhərlərdə xidmət edir və nəhayət, 1906-cı ildə general-mayor rütbəsi alır.

Elə o ildən də ordudan tərxis olunur və Tbilisiyə qayıdır. Şəhərin Mixaylovski prospektindəki 111 saylı ata-baba mülkündə yaşamağa başlayır...

ORDENLƏRİ

Firudin bəy nizami qoşun hissələrində 38 il qüsursuz xidmət göstərir.

1882-ci ildə üçüncü dərəcəli «Müqəddəs Stanislav», 1889-cu ildə üçüncü dərəcəli «Müqəddəs Anna», 1893-cü ildə ikinci dərəcəli «Müqəddəs Stanislav», 1898-ci ildə dördüncü dərəcəli «Knyaz Vladimir», 1902-ci ildə ikinci dərəcəli «Müqəddəs Anna» və 1905-ci ildə üçüncü dərəcəli «Knyaz Vladimir» ordenlərinə layiq görülür.

TARİXİ MƏKTUBDAN SONRA...

1919-cu ilin mayında Tbilisidə öz rahat malikanəsində Qaytabaşının məktubunu oxuyan 69 yaşlı general Vəzirov, dediyim kimi, ailəsini də götürüb, qarşıda onu nə gözlədiyindən xəbərsiz Bakıya köçür...

Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə o, həmin ilin avqustunda Bakının komendantı təyin edilir.

2001 SAYLI İŞ

Milli Təhlükəsizlik Nazirliyinin arxivində general Firudin bəy Vəzirova məxsus «2001 saylı iş» saxlanılır. Oradan bəlli olur ki, general 1921-ci il iyunun 2-də AzÇK tərəfindən həbs olunub. F.Vəzirov «İslam» Partiyasının agenti kimi ittiham olunur (!). Onu çar və «Müsavat» ordusundakı xidmətlərinə, hətta Tbilisidəki dədə-baba malikanəsinə görə ittiham edirlər. Sənədlərlə yaxından tanış olan Şəmistan Nəzirlinin yazdığına görə, əslində generalı bir il əvvəl olmuş Gəncə üsyanına görə sorğu-suala tuturdular...

GENERALI GƏNCƏ ÜSYANINDA İŞTİRAKA GÖRƏ İŞDƏN ÇIXARIRLAR

İstintaqa verilən cavabdan aydın olur ki, Firudin bəy Bakının komendantı olduğunu, Sovetlər gələnədək bu işdə çalışdığını bildirib. Nə «Müsavat» vaxtı, nə də sonra heç bir partiyanın üzvü olmadığını, bolşevik işğalından sonra əvvəlcə Çingiz İldırımın qərargahında ehtiyat zabiti vəzifəsində saxlandığını, daha sonra Əliheydər Qarayevin yanında xüsusi tapşırıqlar üzrə əməkdaş kimi çalışdığını deyib:

««Müsavat» liderləri ilə elə bir yaxınlığım olmayıb, onları dövlət başçısı kimi tanıyırdım. Azərbaycanda, Bakıda olan vaxt həmişə hərbi xidmətlə məşğul idim. Heç bir partiyanın, təşkilatın üzvü deyildim. Təkrar edirəm, mən hərbçiyəm, hərbi nizamnaməyə tabe olan süvari-kavaleriya generalıyam. Sizin dediyiniz «İttihadi-islam» və «Turanın böyük islamı» partiyaları haqqında heç nə eşitməmişəm, heç nə bilmirəm».

Sənədə imza atan general sonda yazıb:

«Özümü heç nədə, heç bir hadisədə günahkar bilmirəm...».

AZADLIQ!

1921-ci il iyunun 19-da Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzası ilə Fövqəladə Komissiyaya order göndərilir:

«Sizə tapşırılır ki, bu orderi alan kimi Firudin bəy Vəzirovu (keçmiş general) həbsdən azad edəsiniz».

Generalı azad edirlər...

DAĞLI ƏLİ HÜSEYN: «BUNDAN SONRA BİZLƏR KOMANDİR OLACAĞIQ»

1925-ci ildə bolşeviklərin orqanı olan «Qızıl əsgər» jurnalında «Dağlı Əli Hüseyn» imzalı bir yazı çıxır. Yazıda 1920-ci il aprelində bolşeviklərin Bakıya «zəfər yürüşü» təsvir olunur və general Vəzirovun o vaxt mövqe komandiri olduğu vurğulanır. Dağlı Əli Hüseyn Firudin bəyə: «Bu gündən sonra (aprelin 29-dan sonra) bizlər mövqe komandiri olacağıq» --deyir.

GÜLLƏLƏNMƏ...

Bu yazıdan sonra general təkrar həbs olunur. 1925-ci il iyunun 30-da onu güllələyirlər.

Güllələnərkən generalın 75 yaşı vardı.

N. Nərimanov bu dəfə onun dadına çata bilmir. Çünki artıq həyatda yox idi. Həmin il martın 19-da Moskvada dünyayla vidalaşmışdı...

P.S. Şəmistan bəy generalın arxiv sənədləri arasında bir maraqlı əlyazmaya rast gəlib. Sən demə, böyük maarifçi İsmayıl bəy Əfəndiyevin Nuxa (Şəki) qəzasının kəndlərindən topladığı «Beşik mahnıları»nı (bayatılar, beşik mahnıları, atalar sözləri) Firudin bəy rus dilinə tərcümə edibmiş...

Sevda İsmayıllı










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi