Qarabag Media
Haqqımızda Əlaqə

Laçınlı gənc şair: "Ermənilər oranı da atəşə tutdular, artıq yaşamaq çətinləşirdi...”


Tarix:19-01-2017, 08:16 Kateqoriya:Manşet / Müsahibə

Laçınlı gənc şair: "Ermənilər oranı da atəşə tutdular, artıq yaşamaq çətinləşirdi...”

Cahandar Evsinköçlə tanışlığımız Moskvada, qaldığımız otelin həyətində təsadüfən yarandı. Həmyerlimiz 10 ildir ki, Rusiyada yaşayır. Əslən Laçın rayonundandır. Həyata, poeziyaya fəqrli baxışı olan gənclərdəndir. Hərdən şeir yazdığını da deyir.

Cahandarla müsahibəni təqdim edirik:

- Cahandar, zəhmət olmasa özünüz, həyatınız haqda oxuculara bir az məlumat verin.

- Əslən Laçın rayonundanam. 1985-ci ildə anadan olmuşam. Laçın işğal olunanda 1-ci sinifə gedirdim. İşğaldan sonra Ağdamda "Zallar dərəsi” deyilən yerə köçdük. Mal-qaramız çox idi deyə, ora əlverişliydi bizim üçün. Bir müddət sonra ermənilər oranı da atəşə tutdular, artıq yaşamaq çətinləşirdi. Köçdük Ağdamın Kəngərli kəndinə. Üzümlükdə özümüzə oba qurduq. Ermənilər yenə başladı buraları topdan atəşə tutmağa. Bu dəfə bir az daha uzağa- Bərdədə yerləşən qaçqın şəhərciyinə köşdük. Burada da bir az qaldıqdan sonra mal-qaramızın otlağı olmadığına görə, Kürdəmirə köçdük...

- Yavaş-yavaş Bakıya sarı gəlirmişsiz...

- (Gülür) Bəli. Kürdəmirdə oranın havasına öyrəşə bilmədik. Havalar çox isti keçirdi. Heyvanlar qızdırma xəstəliyinə tutulurdu. İki-üç gündən bir heyvanımız tələf olurdu. Özümüz də çətinlik çəkirdik. Biz dağ adamı olmuşuq. Göz açıq dərə-təpə, bulaq, meşə görmüşük. Yenə də köçmək qərarı verdik. Bu dəfə qohumların məsləhəti ilə İsmayıllıya köçdük...

- Bu köçhaköç nə qədər zaman çəkdi?

- Üst-üstə haradasa 2-3 il. İsmayıllıda 2000-ci ilə qədər qaldıq. 2000-ci ildə Bakıya köçərək yataqxanada məskunlaşdıq. Bundan sonra psixoloji olaraq hazır olduğum həyat başladı.

- Bəs ədəbiyyata həvəs sizdə haradan yarandı?

- Laçında bizim evdə kitab bol idi. 1992-ci ildən başlayaraq köçdüyümüz bütün yerlərə 3-4 kisə kitabı özümüzlə apardıq. Əksəriyyəti bədii kitablar idi. Fadayevdən başlamış Darvinə qədər kitablar varıydı. Bakıda mühit dəyişildi. Eləcə də poeziyaya yanaşmam dəyişdi. Daha bizlərə doğma olan qəzəlləri, gəraylıları, qoşmaları oxuya, dinləyə bilmirdim. Modern ədəbiyyat mənim üçün maraqlı idi. Ancaq Bakıda da çox yaşamadım. Rusiyaya gəldim. Burada hərdən rus ədəbiyyatını oxuyuram.

- Kimləri oxuyursuz?

- Bir çoxlarını. Amma zövq aldıqlarımı, nəsə öyrəndiklərimi daha çox və maraqla oxuyuram. Xüsusən də Nekrasovu, Qulini. Onlar müasir poeziyaya öz töhvələrini verən, onun səmtini dəyişə bilən şairlərdir. Düzdür, onları başa düşən az oxucu var. Ancaq buna baxmayaraq, onlar şeirin müasir formasını yarada biliblər.

- "Şeirin müasir forması” deyəndə nəyi nəzərdə tutursuz?

- Bilirsiz, bizlərin, yəni azərbaycanlıların, şərq insanının təfəkküründə şeir ancaq klassik çərçivədə olanda daha ecazkar olur. Şeir deyəndə düşüncəmizdə yalnız romantikadan doğan nəsnələr- təbiət və qadın canlanır. Şair deyəndə isə özünü kədərə gömən, mütləq mənada qəmlənən insan obrazı canlanır. O insan kədərlidi, bir az nimdaş geyimlidi, fizioloji görkəmi zəifdi, üzü tüklüdü, həyat bütün işini- gücünü atıb bunun xoşbəxtliyinin qəsdinə durub. Və o həyatın faniliyini, amansızlığını sətirlərə köçürür. Şərq insanı bu cür şeirləri sevir. Çünki bu cür şeirlərdə şərqli insanların həyatlarının ən azından bir parçası təsvir olunub. Hamı özünü orada görür. Şərq poeziyası zəifdi, tənbəldi, üsyankar deyil. Müasir tələblərə cavab vermir. Siyasətdən, siyasətçilərdən qorxur. Əslində həyatı amansız edənlərin- siyasətçilərin, bankirlərin üzərinə yeriyə bilmir. Müasir qərb poeziyası isə siyasətçilərin-bankirlərin qəniminə çevrilməyi bacarıb. Qərb poeziyası – musiqisi siyasi gündəmi təsirində saxlaya bilir. Ona forma verərək insanlara çatdırır. İnsanlar siyasi gələcəklərini poetik üslubda görə bilir.

- Şərqdə bu cür şeirlərin yazılmamasına səbəb bəlkə də diktatura rejimlərin olmasıdır.

- Qismən ola bilər. Ancaq unutmayaq ki, diktatorların poeziyaya, incəsənətə, ümumilikdə sənətə böyük sevgiləri var. Tarixə ötəri nəzər saldıqda bunu görmək mümkündür.

- Rusiyada nə iş görürsüz?

- Mən burada polşalılara məxsus şirkətdə regional satış meneceriyəm. Şirkətimiz dünyanın 34 ölkəsində fəaliyyət göstərir. Qida məhsullarının satışını və daşımasını həyata keçiririk. Çoxmillətli şirkətik.

- Neçə millətin nümayəndəsi var şirkətinizdə?

- Təxminən yüz. Türklərdən tutmuş krulara qədər. Krular Burkina Fasoda yaşayırlar. Bizim şirkət oradan da məhsul ixrac edir.

- Ermənilər də var şirkətinizdə?

- Əlbəttə. Təkcə mənim çalışdığım regional satış şöbəsində özümdən başqa iki erməni çalışır.

- Münasibətləriniz necədir?

- Bu sualı nə üçün verdiyinizi bilirəm. Bilirsiz, burada - Rusiyada milli konfliktləri olan bir neçə xalq yaşayır. Ən pis halda bir-biriləri ilə sadəcə münasibət qurmurlar. Elələri var ki, biznes və yaxud qohumluq əlaqələri var. Bizim şöbədə çalışan ermənilərdən biri – Aram mənim tabeçiliyimdə çalışır. Özü də, atası da Moskvada doğulub. Əvvəllər Arama iş tapşıranda mənə hər dəfə deyirdi ki, qorxma sənə xəyanət etmərəm. Mən də deyirdim ki, ən böyük xəyanəti artıq etmisiniz. Nə demək istədiyimi başa düşürdü. Bəzən də bir-iki günlüyə küsürdü. Düzü, sonralar düşündüm ki, Aram bu sözü ilə bəlkə də mənə yaltaqlanmaq istəyir. Ancaq şirkətimizdə çalışan bir azərbaycanlı bir gün mənə şirkətin milliyətcə polyak vitse-prezidentinin Aramın qaynatası olduğu dedi. O zamandan nədənsə onun "qorxma, sənə xəyanət etmərəm” sözü mənə bir az səmimi görünür.

- Laçını necə xatırlayırsınız?

- Bəzən burada məndən haralı olduğumu soruşurlar. Deyirəm ki, Laçında doğulmuşam. Həyat elə gətirdi ki, Laçınla bağlı çox az xatirələrim oldu. Laçından çıxanda bir itimiz var idi. Onu da özümüzlə götürmüşdük. Məskunlaşdığımız bütün yerləri bizimlə gəzdi. Çox sədaqətli idi. İsmayıllıdan Bakıya köçəndə özümüzlə gətirdik. Qocalmışdı. Amma gəzə, yeyə bilirdi. Atam deyirdi ki, bu iti ölməyə qoymayan Laçının həsrətidi. 4-cü mərtəbədə olurduq deyə, ona diqqət edə bilmirdik. Soyuq bir qış gecəsi bayırdan bərk partlayış səsi gəldi, işıqlarımız söndü. Bütün yataqxana həyətə tökülüşdü. Kimsə dedii ki, transformator partladı. Gedib baxdıq ki, itimiz soyuğa dözməyərək transformatorun içinə girib. Naqillərə toxunduğuna görə partlayış baş vermişdi. Əgər o hadisə olmasaydı bəlkə də o it hələ də yaşayırdı.

- Azərbaycanda baş verən hadisələri izləyə bilirsinizmi?

- Əlbəttə. İndi elə zamandır ki, lap başqa planetdə yaşasan belə, on dəqiqə kifayət edir ki, internetə girərək sutka ərzində baş verənlərlə tanış olasan.

- Yəqin Milli Məclisin deputatı Astan Şahverdiyevin səsləndirdiyi qalmaqallı sözlərlə tanışsınız...

- Bəli. Problem əslində başqadır. Bizim millətin bəzi nümayəndələri məsuliyyət hissini dərk edə bilmir. Çox şeyə "lağlağizm” nöqteyindən yanaşır. Astan müəllimin də bu səhvi onun məsuliyyətsizliyi ucbatından baş verdi. Və 70 il ərzində qazandığı bütün hörməti silib apardı.

- Planlarınız nədir?

- Planlarım bəlkə də sizə qəribə görünə bilər. Moskva böyük şəhərdi. Burada nəyisə planlamaq çətindir. Ancaq məqsədim gələcəkdə xidmət sahələri üzrə məşğul olan bir şirkət yaratmaqdır. Bunun üçün isə təcrübə, əlaqə, və maddi vəsait gərəkdir. Hər üçünün əldə olunması istiqamətində səylərimi davam etdirirəm. Arada şeir də yazıram. Uğurlu gün olanda hiss edirəm ki, daha yaxşı şeir yazıram. Kitab çap etdirmək də uzaq planlarımdan biridir.

Taleh Mirqasımov,
Qlobal.az

Cahandar Evsinköçün "İnkivizasiya” silsiləsindən bəzi şeirlərini təqdim edirik:

57-ci azərbaycanlıya

Nə vaxtsa mənim də oğlum olacaq
Bəlkə də o
Nifrət etdiyim bir qadından doğulacaq
Uşaqlıq şəkilim yapışdırılmış albomda
Bir anda böyüdüyüm kimi
O da bir anda böyüyəcək
Sonra bir qızı sevməyə başlayacaq...

Sevgiyə ilk aparacaq yol
Romantik şeirlərin sətirlərindən keçir
Bir də hansısa qızı
Qeyri-müəyyənlikdə yaxalamaqdan
Ancaq mən sevməyi
Atamla-anamın yataqdakı pıçıltısından öyrəndim

Sevişmək başqadır oğlum sevmək başqa
Adamlar qocaldıqca daha çox sevirlər
Və yaxud sevdikcə daha da qocalırlar
Bir sözlə
Sevgiylə qocalıq
Tərəzinin daşsız gözləridir

... bəlkə də sən

Atanın şeirlərini oxuduqca duyacaqsan ki
Dar ağacından asılan kəndirlər
ədalətin və sevginin yeganə simvoludur
adamların qucaqlaşmaqları isə
ayrılığa edilən təzimdir.

24 aprel və post

Soyuqdan üşüyən əllərim şalvarımın cibində
İlk dəfə çılpaq qadın görənlər kimiyəm
Gecənin bu soyuğundan
Botinkada donan ayaqlarımın
Bir də kürəyimə keçirdiyim silahın xəbəri var
Naxçıvanlı əsgər yoldaşım cibindəki elektron saatı
ayın işığına tutur
və inildəyir
tfu...
hələ 25 dəqiqə var dəyişilməyimizə- deyir
və başlayır
istanbulda qızla necə əylənməyindən danışmağa...
Həyəcan!
"DOD”-un tappıltıyla açılan qapısından
əsgərlər səngərlərə axışır
ixtisasca mal həkimi olan komandirimiz
"məndən icazəsiz atəş açanın
tutub ağzını...”- qışqırır
və sonra üzünü ermənilərə tutur:
donuz uşağı donuzlar
yaxşı eləyib andronikin qulağını kəsmişik
hələ sizi xaçınızı....

... sobanın ətrafına yığışıb
Gecənin əzabını unutmağa çalışırıq
Komandirimiz hələ də deyinir
"yaxşı eləyib andronikin qulağını kəsmişik
hələ onların xaçını da..!”

Zorginin son məktubu

Əzizim
Mən adamların dişsiz ilan kimi süründüyü
Bir şəhərdə doğuldum
Analarından doğulan körpələrin
Alınlarına qır bulaşan bir şəhərdə

Maşınların qara şüşəsinə
Evlərin dəmir qapısına
Adamların qırışlı alınlarına
"satılır” sözü yazılan bir şəhərdə

Mən ömrümü hisli alınla
Qabarlı əllə
Ac qarınla yaşamaq istədim əzizim
Qoymadılar...

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB