Qarabag Media
Haqqımızda Əlaqə

Neft Fondu 7.5 milyardı ödəmək üçün aktivlərini satacaq


Tarix:13-01-2017, 07:04 Kateqoriya:Manşet / İqtisadiyyat

Neft Fondu 7.5 milyardı ödəmək üçün aktivlərini satacaq

Makroiqtisadi sabitlik ARDNF-in hansı aktivləri hesabına təmin olunacaq?

Fondun investisiya portfelinin gəlirliliyi 2015-ci ildə cəmi 1,24 faiz olub

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il Mərkəzi Banka 7,5 milyard manatadək transfert həyata keçirəcək. Qeyd edək ki, Fondun 2017-ci il büdcəsinin gəlirləri 8 370 589,8 min manat, xərcləri isə 14 483 856,0 min manat məbləğində təsdiq edilib. Maliyyələşdirilən əsas istiqamətlərin məbləği olduğu kimi qalmaqla makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə MB-yə transfert gerçəkləşəcək ki, bu da hazırkı rəsmi kursla 4,2 milyard dollar deməkdir.

Neft pulları hesabına bazarın valyuta ehtiyacı təmin olunacaq

Müstəqil ekspert hesablamalarına görə, valyuta bazarının aylıq kəsiri 300-400 milyon arasındadır. Fonddan nəzərdə tutulan vəsaitin həcminə baxılsa, bu da aylıq 350 milyon dolların bazara çıxarılacağı deməkdir. İqtisadçılar hesab edirlər ki, bu vəsaitlə bazarı 2017-ci ildə sabitləşdirmək mümkün olacaq. Amma ARDNF büdcəsinin kəsiri kəskin artır. Fondun bu il üçün gözlənilən büdcə kəsiri 6 milyard 113 milyon 226, 2 min manat olacaq ki, bu da xərclərin 42,2 faizinin aktivlər hesabına maliyyələşdiriləcəyini deməyə əsas verir. Bu il ilk dəfədir ki, o Fondun illik gözlənilən gəlirləri onun planlaşdıırlan xərclərinin 57,8 faizini örtəcək.

Bizimyol.info maliyyələşmənin Fondun hansı aktivləri hesabına həyata keçirilə biləcəyi ilə bağlı bir jurnalist araşdırması aparıb. Qeyd edək ki, 2016-cı ilin 3-cü rübünün yekununa olan məlumata görə, Fondun aktivləri 35 822,1 mln. dollar təşkil edir. İndiyə qədər ayrılmış vəsaitlərin bölgüsü isə belədir: Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi - 297,9 mln. manat; Qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli - 1 981,5 mln. manat; Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi - 779,6 mln. manat; Samur-Abşeron kanalının rekonstruksiya edilməsi -1 278,7 mln. manat; Dövlət büdcəsinə transfertlər - 67 162,0 mln. manat; Dövlət İnvestisiya şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsi (2006-cı ildə başa çatıb) - 90,0 mln. manat; “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsi - 534,4 mln. manat; “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının” maliyyələşdirilməsinə - 177,6 mln. manat; AÇG üzrə layihədə ARDNŞ-nin iştirak payının maliyyələşdirilməsi - 87,6 mln. manat; “STAR” neft emalı kompleksinin tikintisi - 723,2 mln. manat; “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi - 974,7 mln. manat.

Neft gəlirlərinin dörddə üçü xərclənib

Fondun illik maliyyə hesabatına əsasən, 2015-ci ildə ARDNF və ARMB-nin strateji valyuta ehtiyatları 38 590,8 milyon dollar səviyyəsində olub. İl ərzində strateji valyuta ehtiyatlarında 12 271,6 milyon dollar həcmində və ya 24,1% azalma müşahidə edilib. Bu azalma düşən neft qiymətlərinin Azərbaycan manatının məzənnəsinə mənfi təsirlərinin qarşısını almağa çalışan ARMB-nin çoxmilyardlı valyuta intervensiyaları ilə bağlı olub. Ehtiyatların 87,0%-i və ya 33,57 milyard dolları ARDNF-nin vəsaitlərinin payına düşüb. 2001-2015-ci illər ərzində ARDNF-nin daxilolmaları 124,9 milyard dollar səviyyəsində olub, bu vəsaitin 33,57 milyard dolları (26,9%) yığıma yönəldilib. Bu, o deməkdir ki, neftdən daxil olan 124,9 milyard dolların 91,3 milyardı xərclənib. ARDNF-nin 2016-cı il üçün büdcə xərclərinin ümumi həcmi 10 668 933,7 min manat nəzərdə tutulmuşdu. Belə ki, 2016-cı il dövlət büdcəsinə transfertlərin həcmi 7 615 000,0 min manat, Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 2 355 318,0 min manat, Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərc maddəsi 32 660,0 min manata və Fondun 2016-cı il büdcəsinə Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı 331 776,0 min manat məbləğində xərc maddəsi əlavə edilib. Beləliklə, Fonddan xərclərimiz bu günə qədər 100 milyard dollar civarındadır. Bu pulların iqtisadiyyata, sosial layihələrə yatırıldığı bildirilir. Vəsaitin 71,5 milyard manatı büdcəyə birbaşa edilən transfertdir. Belə ki, Fondun hesabatına görə, 2003-2015-ci illərdə ARDNF tərəfindən dövlət büdcəsinə ümumilikdə 63,9 milyard manat vəsait transfert edilib, keçən il də trasfertin həcmi 7,6 milyard manat təşkil edib. Qalanlar da sadalanan layihələrə, vəsaitlərin idarə olunması və Fondun saxlanmasına gedib. Əlimizdə sadəcə 33,57 milyard dollar qalıb ki, onun da bir hissəsi natura şəklindədir, əsasən qızıla və xaricdə əmlaka yönəldilib, bir də o qədər də rentabelli olmayan müəssisələrdə səhmlərdə, istiqrazlardadır. Bunlar da indiyədək qazanılan vəsaitlərin yalnız dörddə birini təşkil edir.

10 il əvvəl gəlirlilik 5%-ə yaxınlaşmışkən, hazırda 1%-in üstündədir

2015-ci ilin dekabr ayına olan vəsaitlərin strateji bölgüsünə əsasən ARDNF-nin investisiya portfelinin 82,1%-i sabit gəlirli qiymətli kağızlar və pul bazarı alətlərindən, 10,2%, 4,6%, 3,1%-i isə müvafiq olaraq səhmlər, daşınmaz əmlak və qızıl investisiyalarından ibarət olub. ARDNF-nin investisiya portfelinin 50%-i dollar, 35%-i avro və 5%-i ingilis funt sterlinqi ilə ifadə olunan aktivlərdə, digər 10%-i isə İnvestisiya Qaydalarında göstərilən başqa valyutalarda yerləşdirilib. İnvestisiya portfelinin 92,9%-i daxildən idarə olunur. 2015-ci ilin dekabr ayının nəticələrinə əsasən investisiya portfelinin 7,1%-i xarici menecerlər tərəfindən idarə edilir. Sabit gəlirli qiymətli kağızlar üzrə Dünya Bankı ARDNFnin aktivlərinin 224 milyon dollardan (0,7%) artıq hissəsini, “Deutsche Bank Advisors” təxminən 100 milyon dollardan (0,3%) çoxunun idarəçiliyini üzərinə alıb. Səhmlər üzrə “UBS Asset Management” ARDNF-nin aktivlərinin 1 248 milyon dollardan (3,7%) artıq hissəsini, “State Street Global Advisors (SSgA)” 804 milyon dollardan (2,4%) artığını idarə edir.

Hesabatlardan bəlli olur ki, Fondun vəsaitlərinin idarə olunmasından gələn gəlirlər o qədər də çox deyil. 2016-cı ilin hesabatı hələlik dərc olunmadığından ondan əvvəlki ilin maliyyə göstəricilərinə istinad edəcəyik. Həmin hesabata görə ARDNF-nin investisiya portfelinin gəlirliliyi 1,24% olub. Bu. son bir neçə ildə ən aşağı göstəricidir. Ümumiyyətlə, investisiya portfelinin gəlirliliyi 10 ildə getdikcə azalan rəqəmlərlə ifadə olunub. Belə ki, 2006-cı ildə gəlirlilik 4,24%, 2007-ci ildə 4,49%, 2008-ci ildə 3,79%, 2009-cu ildə 3,29% təşkil edib. Ən az gəlirlilik 2010-2011-ci illərdə müşahidə edilib, həmin vaxt uyğun olaraq 0,99 və 0,83%-lə ifadə olunub. 2012-ci ildə bir qədər artım müşahidə edilib - 2,16% gəlirlilik var. Sonra yenə azalan istiqamətdə davam edib - investisiya portfeli 2013-cü ildə 1,77%, 2014-cü ildə 1,52% və 2015-ci ildə dediyimiz kimi 1,24% gəlirlilik göstərib. Yəni 10 il əvvəl gəlirlilik 5%-ə yaxınlaşmışkən, hazırda yalnız 1%-in üstündədir.

Qiymətli kağızlar ən aşağı rentabellik göstərib

2015-ci ildə ARDNFnin vəsaitlərinin idarə edilməsindən 335,6 milyon manat məbləğində gəlir əldə edilib. Bu maddə üzrə gəlirlər ARDNF-nin 2015-ci il üzrə büdcəsində nəzərdə tutulmuş məbləğə nisbətən 67,9% səviyyəsində yerinə yetirilib. Sabit gəlirli qiymətli kağızlar portfeli üzrə illik gəlirlilik 0,98%, səhm və özəl səhmlər portfelləri üzrə 3,04%, daşınmaz əmlak portfeli üzrə isə 8,72% təşkil edib. İnvestisiya portfelinin toplam gəlirliliyinə sabit gəlirli qiymətli kağızlar portfelinin töhfəsi 0,79%, daşınmaz əmlak və səhm (özəl səhmlər daxil olmaqla) portfellərinin töhfəsi isə müvafiq olaraq 0,32% və 0,13% olub. Müxtəlif maliyyə alətləri üzrə aşağı rentabellik sabit gəlirli qiymətli kağızlara aiddir.

Maliyyələşməni istiqraz, səhm, qızıl və valyutalar hesabına etmək olar

2015-ci ildə dünya daşınmaz əmlak ən güclü bazar olub. Amma Almaniyadan fərqli olaraq Böyük Britaniya daşınmaz əmlak bazarında 2014-cü illə müqayisədə 2015-ci ildə investisiya həcmində 11% azalma müşahidə olunub. Fransada 2015-ci ilin son rübü 10,7 milyard dollar həcmində investisiya ilə nisbətən zəif rüb olub və nəticədə 2014-cü illə müqayisədə 16% azalma qeydə alınıb. Amma təəssüf ki, bizim Almaniyada daşınmaz əmlakımız yoxdur. 2015-ci ildə Moskvadakı Qalereya Aktyor binasının ticarət mərkəzi hissəsinin yenidən qurulması prosesi davam etdirilib.

Yenidənqurma işləri nəticəsində icarə gəlirlərində azalmaları və kapital xərclərində artımı nəzərə alaraq, 2015-ci ildə xalis gəlirlilik əvvəlki ilə nisbətən aşağı olub. Daşınmaz əmlakın rentabelliyinin aşağı olması bir daha göstərir ki, uğurlu sərmayə yatırımı olmayıb. Bununla belə maliyyə sabitliyini təmin etmək adına baha alınan əmlakları qısa zamanda itkisiz satmaq mümkün deyil. Baxmayaraq ki, daşınmaz əmlakda bizim 2 milyard dollardan çox vəsaitimiz var. Odur ki, nəzərdə tutulan 7,5 milyard daşınmaz əmlak hesabına qarşılanmayacaq. İstiqrazların hansı şərtlərlə alındığı bəlli deyil. Amma çox gəlir gətirmədikləri məlumdur. Maliyyələşməni azgəlirli səhmlər və qızılın bir hissəsinin satılması, eləcə də dəyərsizləşən valyutalar hesabına bunu etmək olar. Keçən il ərzində bir çox ölkələrin valyutaları, xüsusilə də manat və Türk lirəsi dollara qarşı xeyli dəyərsizləşib. Fondun aktivlərində belə valyuta növlərinin həcmini azaltmaq mümkündür. Həm də natura şəklində olan aktivlərdən fərqli, pulu az itki ilə daha tez satmaq olar. Eləcə də qızıl ehtiyatlarının bir hissəsini pula çevirmək problem təşkil etməz.

Ekspertlərə görə, valyuta çatışmazlığını Neft Fondunun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına müvəqqəti aradan qaldırmaq olar. Ancaq bu, problemin ömrünü uzatmaq və onun taleyini dünya bazarlarında neftin bahalaşmasına bağlamaqdan başqa bir iş olmayacaq. Problem sistemli xarakter daşıdığından məsələnin həlli köklü yanaşma tələb edir. Manatın məzənnəsinin sabitliyi yalnız dayanıqlı makroiqtisadi stabillik və iqtisadi inkişaf fonunda mümkündür.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB
Diaspor Komitəsi İstanbuldakı Mübariz İbrahimov adına məktəbin problemlərini nəzarətə götürdü
Nuri Paşanın 1920-ci ildə Böyük Britaniya mətbuatına verdiyi MÜSAHİBƏ
Prezdent Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında