Qarabag Media
Haqqımızda Əlaqə

İydə ağacının süd qoxulu sevdası (Vahid Aslanın şeirləri haqqında)


Tarix:11-01-2017, 16:08 Baxış Sayı:264 Kateqoriya:Manşet, Yazarlar

İydə ağacının süd qoxulu sevdası (Vahid Aslanın şeirləri haqqında) Hər qələm adamı, istər tənqiçi, istər şair olsun fərqi yox, kiminsə yaradıcılığı haqqında bir yazı...

Hər qələm adamı, istər tənqiçi, istər şair olsun fərqi yox, kiminsə yaradıcılığı haqqında bir yazı başlayırsa, məncə, o, həmin şairin və yazıçının yeni tərcümeyi - halını yazır. Mən də Vahid Aslan haqqında yazımı belə başladım.

Əvvəlcə şairin poemalarını, müxtəlif səpkili şeirlərini, povest və hekayələrini, elmi və publisistik məqalələrini, müsahibələrini, kitablarına yazılan bir neçə ön sözü və tanınmış qələm adamlarının onun yaradıcılığı haqqında dediyi fikirləri oxudum. Bundan sonra qərara gəldim ki, Vahid Aslan ədəbiyyatda durub toxtamış, kifayət qədər tanınan söz adamıdır. Onun ədəbi fəaliyyəti çoxşaxəlidir. İndiyədək 7 kitabın (5 kitab şeir və poemalar, 2 kitab povest və hekayələr olmaqla), 1 metodik vəsaitin, 2 monoqrafiyanın və 200- dən çox məqalənin müəllifidir. O, eyni zamanda jurnalistika sahəsində də uğurlu fəaliyyət göstərir və hazırda “Müəllim sözü” adlı qəzetin baş redaktorudur. Hələlik bu yazıda Vahid Aslanın şeirləri haqqında yazmaq istədim.

Vahid Aslanı uzun illərdir tanıyıram. Pis - yaxşı bir xasiyyətim var, bəzən fikrimdə qələm adamlarını bir anlıq da olsa qruplaşdıra bilirəm. Vahid Aslanı kiminsə sırasına daxil edə bilmədim və gördüm ki, o, təkdir. Tək olmağın özü də şairi müəyyən bir düşüncə sahibi kimi təqdim edir. Yəni belə deyə bilərəm: Vahid Aslan haqqında məndə bir düşüncə var. Elə yazarlar var ki, 20 ildən çoxdur ki, onlar haqqında məndə düşüncə formalaşmayıb.

Vahid Aslanın konkret bir iş yeri olduğunu (Təbii ki, var) görə bilmirəm. Elə bilirəm o həmişə ayaq üstədir, harasa, hansısa işin arxasınca gedir və onu həmişə “gedən” və ya “çatan” vəziyyətində görürəm. Elə biirəm, o həmişə baxışı və duruşu ilə danışmaq üçün söz istəyir, nəyinsə haqqında fikir bildirmək vəziyyətindədir. Bəzən olub ki, ona söz verməyiblər və ya olduğundan çox gecikdiriblər. Hər halda Vahid Aslan bir şair kimi öz sözünü deyən şairdir:

Dəyələri boş qalanda,
Ocaq yeri saralanda,
Gün gedib, qaş qaralanda
Ağlar yurd yeri, yurd yeri.


Və yaxud
Ələndik yaxşılar xəlbirdə getdi,
Dözüm də tükəndi, səbr də getdi,
İslanmaq həvəsim çətirdə getdi,
Kəndim qarşılamaz yağışla məni.



Yurd yeri haqqında xeyli şeirlər oxumuşam. “Yurd” anlayışı şairin istedadını üzə çıxaran fakt kimi önəmlidir. Ocaq yeri qaralırsa, həyat davam edir. Əgər saralırsa, demək, el yerindən köçüb, yurd yeri ağlayır. Özü də yurd yerinin ağlamağı həmişə qaş qaralanda görünür. Ikinci bənddə; buradakı xəlbir, içtimai –sosial vəziyyət maraqlıdır, şair adi detalın funksiyasına yeni çalar, məna verir. Şair “islanmaq həvəsim çətirdə getdi” deməklə, inkişaf edən texnologiyanın, vəhşi təbiətli dağ kəndlərinə gətirdiyi, elementlərini poetik bir dillə tənqid edir. Buradakı çətir “xəlbir” və “səbr” sözü ilə sıx bağlıdır. Üçünün birləşməyi nələrinsə itirilməsinə bir işarədir.

Şairin şeirlərində yağış obrazı çoxdur. Bu obraz təmizlik, saflıq, təravət, xatirə, xoş ovqat anlayışlarını sərgiləyir.
Vahid Aslan Gədəbəydə anadan olub, riyaziyyt müəllimdir, Bakıda yaşayır. Gədəbəyli olaraq ənənəvi qoşma carçısı deyil, yalnız beyinə işləyən qafiyələr üzərində oz mənalarını ayaq üstə saxlamır. Şeirdə “Gədəbəyli” texnologiyasını inkişaf etdirir, ona şəhər tamı qatır, bəzən onu həyatın dialektikasında vəhşi təmizliyi dərd , kədərlə əhliləşdirir.

Mənə elə gəlir ki, qeyri ixtsas sahibləri ədəbiyyatda daha böyük uğur qazanmağa meyillidir. Şair olmaq qafiyələri, bölgüləri və şeirin digər qanun –qaydalarını bilmək deyil, təbiəti, həyatı və dünyanı oxumaqdır. Əgər bir şeyi düzgün oxuya bildinsə, qafiyəsi içindədir, bölgüsü də, necə deyərlər istiotu, duzu da.
Mən ikinci sinifdə oxuyanda otağımızdan asılan lövhədə yazılan bir cümləni hələ də unuda bilmirəm: “Qəlbən şair olmayan, əsl riyaziyyatçı ola bilməz”. Bu fikrin müəllifini unutmuşam. Bəlkə, bu cümləni əksinə də yozmaq olar. Rəqəmlər bədiliyə daha çox yaxındır. Orada da şairin axtarışları uğurlu alınır və nəticədə müəllif istər - istəməz dünyaya bir sual verir: - Şeir planeti harda yerləşir?.. Əlbəttə, bu riyazi təfəkkürün bədii təfəkkürə inteqrasiyasının məhsuludur. Bu haqda bir az sonra.

Vahid Aslanın şeirlərinin gücü onun bədiliyində və canlı lövhələrin bolluğundadır. Aşağıdakı şeirə diqqət yetirək:

Damcılar
Başım üstə dikələn
-saçın rəngdə - çətir
Bitirib əlimdə,
Və sənin sevdalı baxışlarının
Nəğməsi bəstələnir
Pəncərə şüşələrində...


Yenə damcı, yağış, yenə çətir... Damcılar suvarıb ki, əlimdə çətir bitib. Özü də saçın rəngində. Gözəldir. Bu bədii lövhənin dalınca daha gözəli gəlir: Pəncrə şüşələrində sənin sevdalı baxışlarının nəğməsi bəstələnir. Yenə gözəldir. Şair həqiqəti budur. Yağış yağanda sevənlərin pəncərə önündə dayanması və onların baxışları altında yağışın şüşələri döyəcləməsi, rəqs etməsi əla bir görüntüdür. Vahid Aslan bədii lövhələri get- gedə inkişaf etdirən şairdir:

Tanıdım özümü axır, tanıdım,
Baxdım ki, meydanda tənha qalmışam,
Unuda-unuda sevmişəm, demə
Sevilə-sevilə unudulmuşam.


Adam hərdən fikirləşir, bəlkə də, elə içində çırpındığımız həyatın riyazi və kimyəvi tərkibi elə budur. İnsan bir dəfə sevir, özü də bir an içində, sonra unutmağa çalışırıq. Böyük şairimiz Bəxtiyar Vahabzadə deyir:

Sevəndə sevirik, bir an içində,
Unutmaq nə qədər çətin olurmuş.


Bir an içində sevirik, sonrakı illərin hamısı unutmaq cəhdidir. İstər sev, istərsə sevil, əsas məsələ belədir. Bütün həyat unutmaq, unuda blmək cəhdindən ibarətdir. Qəribəsi budur ki, unutmaq istədikcə daha da çox sevirsən. Şairin haqlı poetik qənaəti düzgündür. Başqa bir şeirə baxaq:

Tənha divarları çürütdü qübar,
Yaman nəmlənibdi yenə bu divar,
Çayların tirləri yıxmaq dərdi var,
Hər suda üzən çöp tir ola bilməz!


Əgər biz kiməsə sual versək ki, çayın ən böyük dərdi nədir? O, bizə hansı cavabı verə bilər? Mənə elə gəlir ki, Vahid Aslanın bu bənddə dediyi dərdi heç vaxt deməyəcək. Çayın çaylığı orasındaır ki, o böyük tirləri yıxa bilsin. Əgər yıxa bilmirsə, onun daxili gücü, sürəti, enerjisi yoxdur. Çay böyük tirləri yıxanda yaşayırmış sən demə. Əgər çay içindəki çör-çöplə oynadısa, demək o çay çoxdan ölüb. Adi çayın boyuna öllçülmüş bu meyar, hər şeyə aid edilə bilər, içtimai - siyasi sosial hadisələrə belə. Vahidin bütün təbiət hadisələri ilə bağlı şeirlərində cəmiyyətə bir işarə var.
Şairin “Tumurcuqlayan şeir”inə qulaq asaq. Ona görə qulaq asaq dedim ki, şeirin dili, intonasiyasi, səslənişi müasir şeirimizn dilinə nümunə ola bilər. Elə bil şeiri sən oxumursan. O öz – özünə səslənir, sənsə dinləyirsən:

Bir az işləmişəm əlim qabardı,
Qabar – halallıqdı, dövlətdi, vardı.
Zəhmət olan yerdə bağça var, bar var,
Ürəyimdə yazdı, qəlbimdə bahar.
Gözlərim təzəcə açan çiçəkdi,
Bu gün qoca dünya yaman göyçəkdi...
Tumurcuq kimidi kipriyim, qaşım,
Bu gün duyğuludu torpağım, daşım.
Xoş gəlib, yurdumun novruz bayramı!
Bu gün gözlərindən öpüb anamın,
Ən gözəl şeirimi yaza bilərəm,
İlğımlar içində aza bilərəm...


Vahid Aslanın bu şeirinin həm məzmunu gözəldir, həm də dili.
Bəzən şairlərin bütün yaradıcılığı boyu şeirlərində bir detal daim iştirak edir. Özü də təbii şəkildə. O detal bütün tərəfləri ilə ancaq onun qələminə və psixologiyasına aid olur. Vahid Aslanda da mən yağışı tapdım:

... Qapayın interneti,
Söndürün telefonu,
Bayırda yağış yağır,
Bir an dinləyin onu.

***

Elə bir şəhərdə
Yaşamaq istərdim ki,
Orada hər axşam yağışlar yağsın...

***
Bakı
Xəzər
Yaz yağışı
Və tənhalıq,
Yağışdan sonra
Havada
Iydə ağaclarının
Süd qoxulu
Sevdası qalıb...

İlk şeirindən yeni yazdığı şeirə qədər yağış səpələnib Vahid Aslanın şeirlərinə. Bu, təkcə təbiət yağışı deyil, xatirə yağışdır, sevgi yağışdır, hər halda özündə yağış əlamətini ehtiva etdiyinə görə gözəldir. Bu yağışdan təkcə çətir cücərmir. Ölmüş düyğulara yenidən həyat verilir. Dərindən baxanda yağışın içində itirdklərini tapa bilərsən, ilk sevgidən tutmuş, göyqurşağına qədər. Yol gəlirsən, gəlirsən və oradan da minib göy qurşağının belinə çıxıb gedirsən.

Vahid Aslanın “Nizami Aydın “ film - poemasını ürəklə oxudum, çox təsirləndim. Götürəndə Vahid Aslan məndən etibarlıdır. Nizami Aydın bizim dərnək – tələbə yoldaşımızdır. Gəncədə Qərib Mehdinin “İlham” Ədəbi Birliyinə gedib gəlirdik. Gəncədən idi, riyaziyyat müəllimi idi. Bir oxumuşduq. Evlərində olmuşduq. Sonra o, Qarabağ döyüşlərinə getdi, döyüşlərin birində “Tərlan” adlandırdığı tankını düşmənlərin üstünə sürdü, əsgər yoldaşlarını xilas elədi və özü tankda yanıb, kül oldu... Mən hələ onun haqqında bir misra yaza bilməmişəm. Amma Vahid Aslan Nizami Aydının həyatını elə gözəl ifadə edib ki, mən heyran qaldım. Hər misrada çırpınan həyat mənə tanış gəldi, məni kövrəltdi, yandırdı. Poemada təkcə Nizami deyil, onun timsalında bütövlükdə şəhidlərimizin həyatı ifadə olunub. Nizami İspan şairi Lorkanı çox sevirdi, Lorka 31 yaşında həyata əlvida demişdi. Nizami Aydın da 31 yaşında həyatdan faciəli şəkildə, amma qəhrəmancasına köçdü:

... Bir şair qeyb olur külünə kimi,
“Tərlan” üsyan edir göylərə bəlkə,
Onun sol cibində yanır kül olur
Lorkanın kitabı, onunla birgə...

Bu kitab Lorkanın ruhudu elə,
Alovlar içində ruhlar birləşir;
... Tanrının özü də heyrətə gəlib,
Görəsən,.. bu anda nə fikirləşir...

***
Qeyb olub ümid var bir də doğulsun,
Qəbri qazılmayan Nizami Aydın!
Qardaş! Balalara and yeri olsun,
Sənin şəhid adın!
Aydın soyadın!!!


Vahid Aslanın “Riyaziyyat və poeziya” kitabını maraqla oxudum. Ədəbiyyatla riyaziyyatın qarşılıqlı əlaqəsini və bu əlaqədə üzə çıxan paralellikləri aydın, obrazlı şəkildə gördüm. Hesab edirəm ki, bu kitab orta məktəblərdə həm riyaziyyatın, həm ədəbiyytın tədrisi metotikasında gözəl əyani vəsait ola bilər. Aşağıdakı şeirlərə diqqət edək:

Əzizim, nöqtə baba,
Adımsan, əməlimsən!
Mən səndən boy almışam,
Sən mənim təməlimsən!
Quruyum, heçə dönüm
Sənə arxa çevirsəm,
Həndəsəni tərk edim,
Səndən böyüyəm desəm.(Düz xətt)

***


Üç nöqtəm, üç bucağım,
Üç tərəfim var mənim,
Həndəsədə öz yerim,
Öz tərifim var mənim.
Olanımla gözüm tox,
Paxıllıqla işim yox,
Nə işim dördbucağın
Adında dörd sözü var,
Acizdi hər vaxt, gözü
Başqasında olanlar.(Üçbucaq)


Riyaziyyatı bayatı ilə dindirmək (əzizim, nöqtə baba) onları müqayisəli və ədəbi – bədii şəkildə ifadə etmək böyük ustalıq tələb edir. Məncə, Vahid Aslan istədiyinə nail olub.
Mən bu yazını yazan vaxtı Bakıya yağış yağırdı. Düşündüm ki, yağışlı bu gündə ucqar bir dağ kəndinə bir şair yol gedir. Əlində bir çətir var, başının üstə deyil amma...

Qəşəm Nəcəfzadə,
Şair, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq Ədəbiyyatı Şöbəsinin rəhbəri, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, Avropada keçirilən 38- Beynəlxalq Poeziya Festivalının iştirakçısı.




loading...




SON XƏBƏRLƏR
Şairə Sevinc Qəribin yeni kitabı işıq üzü görüb
“Qəbələ” səfərdə məğlub oldu
Türk toplumunda qadının yeri və dəyəri - ARAŞDIRMA
Xristofor Kolumbmu, yoxsa türklərmi?! – Əli bəy Hüseynzadə
Nəsimi ilə Füzulinin nəşləri Azərbaycana gətirilə bilərmi?
Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib
Putin Ermənistanla vahid ordu razılaşmasını imzaladı
Azərbaycana sadiq qəhrəman – Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) doğum günüdür - VİDEO
Türkiyədən Suriyaya uzanan tunel tapıldı
Türklərdə bayraqlar, sancaqlar və tuğlar – ARAŞDIRMA
SDU-nun kafedra müdiri vəfat edib
İranlı rejissorun Qarabağla bağlı filmi təqdim olundu
Fransa televiziyasında Qarabağın işğalından danışılıb - VİDEO
“Oyunun gedişində bizim də bir neçə variantımız olacaq" - Qurban Qurbanov
Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi
Kikboksçumuz Böyük Britaniyada Azərbaycan bayrağını dalğalandırdı-VİDEO
Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
Araşdırma: Bakı milyonçusunun Türkiyədə mühacirətdə olan nəvəsi haqqında yeni bilgilər əldə olunub - FOTOLAR
Azərbaycanda Milli mətbuat günü qeyd olunur
Ağdamın işğalından 24 il ötür
"Məhv edilmiş şəhərin tarixi"-adlı kitab işıq üzü görüb
Havalar nə vaxtdan sərinləşəcək?
Kralı Salman bin Əbdüləziz "sakinləri döyən" şahzadəni həbs etdirib
Pirallahıda balıqyetişdirmə fermalarının təməli qoyuldu
JURNALİSTLƏRDƏN PREZİDENTƏ TƏŞƏKKÜR
“Maarifçi Qadınlar” İB özündən əvvəlki maarifçilərin ənənələrini davam etdirir
Vətənə sonsuz məhəbbətlə yaşanan ömür
Mosulda İŞİD döyüşçülərinə ərə getmiş 20 avropalı qadın tapılıb
TÜRK BİRLİYİ: Utopik nəzəriyyə, yoxsa siyasi gerçəklik (IV Yazı)
Şah İsmayılın heykəlinin yeri dəyişdiriləcək