Qarabag Media
Haqqımızda Əlaqə

Gülnarə Sadiq: `Yarımçıq sevgi tək qaldın dünəndə!...` – Şeirlər


Tarix:9-01-2017, 08:56 Baxış Sayı:455 Kateqoriya:Manşet, Yazarlar

Gülnarə Sadiq: `Yarımçıq sevgi tək qaldın dünəndə!...`  – Şeirlər Gülnarə Sadiq 1985– ci ildə Gəncə şəhərində anadan olub. Gəncə Dövlət Univeritetinin Filologiya fakültəsini bitirib. “Muciem Benim”, “Yuxuların Günahı Olmur...”, “Paralnmış Ürək” kitablarının və bir sıra qısa metrajlı filmlərin ssenari müəllifidir.


Mən elə bilmişdim ki,
asandı getmək,
asandı –
susqunluğa qapılıb,
lallığa məhkum olmaq.
Səni sənsizliyə bürüyüb,
Səssizliyə qərq etmək...

Mən elə bilmişdim ki,
asandı yatmaq
ayrılığın ilk günündə.
Asandı ağlamaq,
bütün gecə -
öz içinlə dalaşmaq.

Mən elə bilmişdim ki,
Asandı yazmaq,
Təkliyin tərifini,
intihar edən
ümidlərin son istəyini...

Asan deyilmiş əzizim,
Ruhuma çökən
bu sükutla vuruşmaq,
Ağırlaşmış zehnimdən
baxışını yox etmək,
ayrlığın ilk gecəsi
Nəfəsimdə səni gəzmək...


O yox idi
Göz yaşı ilə yudu
Son ümidi ilə kəfənlədi –
Illərdi içində yaşatdığını.
Kiçik hədiyyə qutusuna
Boğaraq sığdırdı
-dünya boyda sevdasını
Pay verdi dənizə,
Pay verdi ləpələrə.
Ala qaranlığın əlinə buraxdı ürəyini,
Sayrışan işıqlar,
gəzişən insanlar
Hamısı tək – tək soldu gözlərində.

Bir anlıq darıxmaq istədi özü üçün,
Saxta lay – lay dolu həyatı üçün
Ən ağır dərdləri üçün –
Bir də,
Bir də onun üçün!
Az öncə pay verdiyi sevdası üçün.
Dəli təbəssüm yarandı simasında
Eh!..Axı cəmi iki dəqiqə olardı ki,
O, yox idi...


Çətindi
Çox çətindi-
bir dünya insan içində tək olmaq,
Susmaq...
Danışa – danışa lal olmaq,
Çarəsiz baxmaq,
Ümidsiz sevmək.
Sakitcə ayrılmaq.

Çox çətindi –
Sevən ürəyi həbs etmək,
Varlığına sığınarkən
Yoxluğuna sarılmaq,
Çətindi bu dünyanın
danlağına tab gətirmək!

Çox çətindi –
Kasıb ürəkli dostların
Sədaqətli düşmənlərin,
Qorxaq sevgilərin –
Içində dəli bir sevgi böyütmək...


* * * *
Ağır – ağır qovdular sevgimizi,
Asta – asta
iflasa uğratdılar
Göylərdə uçmaq varkən –
Yer altında sürüdülər,
Səni Şərqdə,
Məni qərbə
dəfn etdilər...

tənhalığın müstəvisi
çəkildi,
Tıxandı ümidlərin nəfəsi
Gərilmiş həsrətlərin
Son sıyrılma nəğməsi tək,
Sadə sevgilərin şəninə
Ayrılıq təntənəsi çalındı,
Gözləri yaşardı dünyanın,
Buludlar baş – başa verib
Başladılar dünyanın gözündən axmağa...

Alın yazım

Bu gecəm də yarımçıqdı,
Öz – özümlə təkbətəkəm.
Kədər yaman əlaçıqdı,
Gərək onu qəlbə tikəm.

Günəş itib əllərimdə,
Əllərimin dərdindəyəm.
Alın yazım gözlərimdə,
Mən dünyanın tərsindəyəm.

Sil, aldığın illərimi,
Vur, yıxdığın yerdə dayan!
Ömrə bədəl günlərimi,
Yox etdiyin yerdə dayan!

Sabahımı kor etmişəm,
Qaranlıq da rəngbərəngdi.
Diləyimi kar etmişəm,
Ölüm ömürlə ahəngdi.


Baxmır

Arzum başıma dəyir,
Ürək sözümə baxmır.
Zəhər aşıma dəyir,
Sözüm üzümə baxmır.

Fikrimdə tufan qopur,
Gözlərimə nəm hopur,
Həsrətimi dərd qovur,
Odum közümə baxmır.

Qəmlər gözə dərd əkir,
Göz kədərə yol çəkir,
Kipriklər keşik çəkir,
Özüm gözümə baxmır.

* * * * *

Miskin düşüncə
Buludlar utanır, yenə tər tökür –
Göydən başıma düşür,
Keçmişimin izləri...
Havadandı nədəndi?!
Dərd yaman ağır gəlir,
saxlamayır ürəyim.
Çox çətinmiş təkcə sevmək!..
Yalqızların gözlərinə sığal çəkər
- ayrılığın son məktubu...
Otağımın hər küncü,
Daşlaşıbdı gözümdə
Öz evimdə udur məni gecələr
Bezibdi bu ünvan –
bu ürək...
Bu şəhərin yolları.
Gözlərimdə daralır –
Bir sevginin son ünvanı.
Gecələr dünənimə sarılıb
Sabahımı qaraldır...
Eh! Çox miskin düşüncədir,
Tək qadının yalqızlığa məhkumluğu!

Çoxmu şey istəmişdim?!
Bir ümidin kölgəsində üryərinə sığınarkən,
Bir sevdaya nəfəs verib
gözlərində dolanarkən?
Çoxmu şey istəmişdim? –
Varlığımı əmanət edəcək
Həyat dolu Səndən başqa?
Əlbəttə ki çox deyildi
Taleyimə yazılsaydın!


* * * *
Bu günün hava durumu:
“Yağış yağacağı, havanın
dumanlı olacağı gözlənilir.”
Yəni Günəş olmayacaq,
Parlamayacaq gecə ay da,
ulduzlar da...
Insanların ürəyi tək bulanacaq səma,
Buludların kirini yenə Allah torpağa tökəcək,
Yenə susacaq insanlar
Ölümlərə susduğu tək,
Ədalətə Yox! Yox! – deyib
Səfalətə qaçdığı tək!


Heç nə bildiyin kimi deyil,
Tanrıyla öz aramda
“O” adlı bir dünyam var.
Asılıb əksi ürəyimin otağında,
Qapısında “mən” adlı bir qadın ağlayır,
Səsini səndən gizlədir-
Gözünü tanrıdan,
Evinin bir küncündə
Tozlanıbdı ümidləri,

Heç nə bildiyin kimi deyil,
Tanrı eşqə qibtə edib,
Dolayıbdı taleyimə
Gəncliyin son anında,
Bir körpəcik sevda verib,

Heç nə bildiyin kimi deyil,
Tənhalığın portreti çəkilibdi
Sonsuzluğun ətəyində.
Yapışıbdı yaxasından-
Varlığıyla yoxluğunu
çəkişdirən qara bulud

İslanıb ürəyim

Uzaqlıq gözümə yaxın görünüb,
Yaxınkən uzaqdan sevmişəm səni.
Oyaqkən gözümə yuxu bürünüb
Bir payız, sazaqdan sevmişəm səni.

Qarışıb bir yaş tək axışlarıma,
Göz yaşım özləmi aparmır artıq,
Hopmusan günəş tək baxışlarıma,
Kipriyim əksini qaldırmır artıq.

Quru bir buluddan yerə yaş düşüb,
Islanıb ürəyim...Göydən qaçıram.
Sənli bir dünyaya deyən daş düşüb,
Gözümün içində səndən qaçıram.

* * * *
Yox etdim “yazıda” çözümsüzlüyü.
Süzülüb gecənin miskinliyinə,
Baxışım daraldı dar qaranlıqda
Sığınıb dünyanın küsgünlüyünə,
Qırıldım dumanlı yol, toranlıqda.

Yarımçıq iz qoydu alnında yazı,
Yarımçıq sevgi tək qaldın dünəndə.
Bir yarım yalana bürün ən azı,
Bütöv bir ümidi daşa bükəndə.

Meyl edib səmaya, hopub buluda,
Kirmişcə Günəşə qonan kimiyəm.
Sındırıb gözümə batan qolu da-
Ölümə qələbə çalan kimiyəm.

Kəşf edib dünyanın gizli sirrini,
Yaradıb cahanda ölümsüzlüyü.
Ödəyib taleyə olan mehrini,
Yox etdim “yazıda” çözümsüzlüyü.

FAĞIR QIZ...

Yaxşı ki sevmədin bu fağır qızı,
Ömrünü ömrünə qıymadın onu.
Bir sevda qoxulu, ümidli yazı
Bir həsrət sirdaşı saymadın onu.

Onun gözlərindən qopan alovlar,
Sənin gözlərinə qona bilmədi.
Bir sakit ümidə hopan qırovlar,
Isti nəfəsinlə yana bilmədi.

Yaxşı ki sevmədin bu fağır qızı,
Dolmadı ürəyin eşqlə bir ətək.
Sən onun bəxtinə yazılan yazı,
O, sənin bəxtində yox imiş demək.

Səssiz sevgilərin qəlbi qırıqdı,
Sükutu dirənib eşq yoxuşuna,
Bu sevgi önündə həsrət sınıqdı,
Alıbdı taleyi öz ağuşuna.

BƏLKƏ DƏ...

Bəlkə də bu sondur,
ya da bir ilk.
Bəlkə də bu dünya yorulub artıq –
Insan taleyinə yamaq vurmaqdan.
Ulduzlar çaşıbdı,
Bürclər yox olub.
Bəlkə də Allahın acığı tutub,
Dünyanın üzünə -
sillə çəkibdi...
dünya kainatda cılızlaşıbdı –
ölümlər kimi.
Indi qocaların sayı azalıb,
Dünya cavan ölür,
Dünya gənc ölür.
Bəzən beşikdəcə qaralır dünya...
Bəlkə ağır gəlir insan çəkisi?
Yerin müstəvi tab gətirməyir.
Bəlkə də insanın zehnindən silir –
Cənnət meyvəsinin dadını Allah?
Beləcə yox edir iffəti – arı,
Silir beyinlərdən adını Allah!

ƏZİZİM

Bu göz yaşı,
bu acılar yad deyil,
Bu baxışlar,
hələ dəli sükut,
mənə çox yaxındı əzizim.
Az olmayıb şəkillərlə dalaşdığım,
Son nübarı ilk baharla səhv saldığım,
Həsrətimdən xəzan dolu bir baxçada
Novruz gülü axtardığım-
Az olmayıb.
Az olmayıb bir eşq üçün
min əzaba calanmağım,
Öz - özümlə tək qalanda
şeirlərə cummağım da az olmayıb.

Utanma gəl, de dərdini –
Dərd ağacı dinlər səni usanmadan.
Nolsun ki, itirmisən eşq youlunu?
Bilmirsən ki, eşq yolunda
hamar yol yox, əzizim?
Hər bir yolda
dərələr var,
təpələr var,
sıldırım qayalar,
uca dağlar var.
Hələ bir də, acımasız uçurumlar-
Adda-budda çalalar var.
Gərək, gah qalxasan,
Gah enəsən, əzizim.

Baxışını yayındırma,
Rahat danış, rahat ağla.
Onsuz ürək üşüyəcək –
Mən bilirəm bu ağrını.
Balışlar da bezikəcək,
Otağın da yorulacaq.
Mən bilirəm bu ağrını –
Az olmayıb otağımın
Məni görcək ah çəkməsi,
Balışımın məni görcək gizlənməsi.
Səhərləri azan səsi
ümidimi göynətməsi az olmayıb...

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir - MƏLEYKƏ ABBASZADƏ
”Qarabağ” dünya azərbaycanlılarının qürur yerinə çevrilib” - Belçikalı aktyor
Nüfuzlu “Football Times” jurnalı "Qarabağ" klubu barədə geniş məqalə dərc etdi
Füzuli və Cəbrayıl rayonlarının işğal etməsindən 24 il ötür - VİDEO
Səhiyyə Nazirliyi donorlar üçün qanvermə qaydalarını açıqlayıb
Türk qatili “Yəhudi ovçusu”na necə çevrildi?
Ən gözəl üz cizgilərinə sahib xalq
Azərbaycan Belarusdan çörək almağa başlayıb
Dahi casus, bakılı alman – Rixard Zorgenin mübarizə və ölüm hekayəti
ABŞ və Qətər birgə hərbi təlimlər keçirib
“Azərbaycanda çay sektorunun inkişafına töhfə verməyi planlaşdırırıq”
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Xalq artistinə qarşı dələduzluq - 70 min manatını aldılar
XX əsrin əvvəllərində şimali Azərbaycanda fəlsəfi-siyasi fikir
Misirdə Qafqaz Albaniyası haqda qədim mətnlər tapıldı
Ərdoğan Almaniya XİN rəhbərini kəskin tənqid edib
İstanbul Azərbaycan Teatrının ilk layihəsi olan ‘Adsız qadın‘ - FOTOLAR
Avtobus sürücüsünə silah çəkən şəxsin kimliyi müəyyənləşib
Laçınlar yurdunun köməksiz futbolu və ya torpaq meydançadan Londona gedən yol - FOTOLAR
Azərbaycanda oğurlanan nadir əşyalar tapıldı
Yüz yaşlı pedaqoq
Barselonada terror aktında şübhəli bilinən 4 nəfərin hamısı öldürülüb
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
"Məni öz həkimlərimiz bu hala saldı" - FAYTONÇU NAZİM
AŞIQ ƏLƏSGƏR FENOMENİNİN AÇILIŞINA, MÖCÜZƏLİ YARADICILIĞININ TƏHLİLİNƏ DÜZGÜN BAXIŞ
“23 avqustda “Qarabağ”a dəstək üçün stadionda olacağıq” - Danimarkalı siyasətçi
Avropa Birliyi Şimali Koreyaya qarşı sanksiyaları genişləndirdi
Koalisiya qüvvələri Suriyaya zərbə endirdi - 20-ə yaxın ölü
Qaxın Sarıbaş kəndindəki “Qədim məscid” bərpa olunur
Köçkünlərin yaşadıqları evin yanından neft çıxdı - VİDEO