Qarabag Media
Haqqımızda Əlaqə

Sultan bəyin silahdaşı Daşdılı Hüseyn oğlu Abduləli - FOTO

Tarix:3-01-2017, 00:30 Baxış Sayı:2463 Kateqoriya:Manşet, Araşdırma, Laçın yurdu

Sultan bəyin silahdaşı Daşdılı Hüseyn oğlu Abduləli - FOTO

Atam Abduləli Hüseyn oğlu Qələndərov 1879-cu ildə Zəngəzur mahalının (indiki Laçın rayonu) Daşlı kəndində anadan olmuşdur. Atası Qələndəroğlu Hüseyn Zəngəzur və Qarabağ mahalında varlı, sayılıb-seçilən el ağsaqqalı kimi tanınırdı.

Abduləli 10 yaşınadək Molla Əzizdən dərs alaraq ərəb dilini öyrənmiş, 10 yaşına çatanda Şuşada realnı məktəbə qəbul olunmuşdur. Buranı bitirdikdən sonra gənc Abduləli Gəncə Gimnaziyasında təhsilini davam etdirir. Ali təhsilini isə Tiflisdə alaraq “Təbiəti mühafizə və meşəçilik” ixtisasına yiyələnir. Ali təhsilini başa vuraraq Şu-şaya qayıdan Abduləli Qələndərov Qarabağ qubernatorluğunda işə düzəlir. O, rus, ərəb və fars dillərini mükəmməl bildiyinə görə knyaz Baryatinskinin köməkçisi və tərcüməçisi vəzifəsində çalışıb.

Yeri gəlmişkən, atamın xatirələrindən yadımda qalanları diqqətinizə çatdırmaq istəyirəm. Həmin xatirələrdə o dövrün ictimai-siyasi hadi-sələrinin bəzi məqamları da öz əksini tapıb.

Atamın dediklərindən:

SULTAN BƏYLƏ İLK TANIŞLIQ

Sultan bəyin silahdaşı Daşdılı Hüseyn oğlu Abduləli - FOTO Mən Şuşada realnı məktəbdə oxuyanda maddi cəhətdən korluq çəkmirdim. Evdən yağ, pendir və bal gətirirdim. Başqa ərzaqları da bazardan alırdım. Pulum həmişə olurdu, qurtarsa da atamın yaxşı tanıdığım bir neçə dostundan ala bilərdim. Unudulmaz müəllimim Əbdürrəhim bəy Haqverdiyev həmişə deyirdi ki, bir çətinliyin olsa məndən gizlətmə. Allah ona qəni-qəni rəhmət eləsin. Mən onun sevimli tələbələrindən biri idim.

...Novruz bayramı ərəfəsində bizi on günlüyə evə buraxdılar. Bu müddəti doğma kəndim Daşlıda keçirdim. Vaxt tamam olanda atama dedim ki, sabah Şuşaya qayıtmalıyam. Səhər tezdən durdum. Xankişi və Əmirlə birlikdə atlanıb yola düşdük. Xankişi bacım Şəhrinin həyat yoldaşı, Əmir isə Mahmud əmimin oğlu idi. Hər ikisi qoçaq adam idi.

Əmirin atının tərkində çox da ağır olmayan xurcun vardı. Xurcunun bir tayına günorta və axşam yeməyi, o biri tayına isə bir sərnic bal qoyulmuşdu.
Əmirin belində kazak beşatılanı, toqqasında xəncər var idi. Xankişinin əlində mauzer tüfəngi, mənim üstümdə yaraşıqlı xəncər vardı. Hər üçümüz gülə-gülə yol gedirdik.

Hava buludlu idi. Gecə yağış yağmışdı. Təxminən bir saat yol getdikdən sonra Muncuqlu çayına çatdıq. Dağlara bərk yağdığından çay daşmışdı. Çaydan keçməyə bir az tərəddüd etdik. Xankişi bizdən böyük olduğu üçün qərarı o verməli idi. Xankişi Əmirə dedi ki, atı vur çaya. Əmir “ya Allah” deyib atı vurdu çaya. Su atın qarnından bir az yuxarı qalxsa da, salamat o taya keçdilər. Xankişi mənə dedi ki, indi sən keç. Çayın o tayında da Əmir bərkdən çığırırdı ki, qorxma, atın üstündə möhkəm dur. Əmirin səsinə çayın o tayına iki atlı da gəldi. Mən atı çaya vuranda o atlılar da Əmirlə bərabər çayın qırağına yaxınlaşdılar. Çayın ortasında su az qalırdı ki, xrom çəkmələrdən içəri dolsun. Atın qabağı ilə su iri daşları da aparırdı. Çaydan çıxmağa 1-2 metr qalmış atın dal ayaqları büdrədi. Mən tez qabağa tullandım.

Əmir və yanındakı o iki adam tez suya girib məndən tutdular. Biz kənara çıxdıq. Amma onu deyim ki, at məni çayın qorxusuz yerinə çıxartmışdı. Baxdıq ki, atın dal qılçası topuqdan bir az yuxarı sınıb. Xan-kişi də atı vurdu çaya və rahat keçdi. Belə məsləhətləşdik ki, Xankişi məni Şuşaya aparsın.

Əmirin səs-küyünə gələn adamlar Paşa bəyin mehtərləri imiş. Onlar hadisəni Paşa bəyə danışıblar. Paşa bəy oğlu Sultana deyir ki, özün atlan, nökərlərə də tapşır ki, bir yaxşı at aparsınlar. Yəhəri o atdan alıb bu atın belinə qoysunlar. Baxdıq ki, 3-4 atlı sürətlə yanımıza gəlir. Paşa bəyin Çay evi ilə Muncuqlu çayının arası iki kilometr olardı. Gələn atlılardan biri Sultan bəy idi. Bizlə səmimi görüşdü, Allaha şükür etdi ki, salamat qurtarmısınız. Sultan bəy mənə dedi ki, bu yəhərsiz atı atam yollayıb. Nökərlər tez bizim atın yəhərini alıb gətirdikləri atın belinə qoydular.

Xosrov bəylə mən yaşıd idim. Məndən 8 yaş böyük olan Sultan bəylə ilk dəfə idi ki, görüşür, yol yoldaşı olurdum. Atları yavaş-yavaş sürür, çox səmimi söhbətləşirdik. Mənə dedi ki, indi səni ləngitməyəcəm, amma Şuşadan qayıdanda bir neçə gün bizdə qalacaqsan. Atalarımız bir-birinin xətrini çox istəyir, biz niyə dost olmayaq? Rusca da bir az zarafatlaşdıq. Çay evinə çatanda gördük ki, Paşa bəy yolun kənarı ilə gəzir. Tez atdan düşüb onunla görüşdüm, əlindən öpdüm. O da mənim alnımdan öpdü. Üzünü oğlu Sultana tutub dedi: “Hüseynin oğlu bir qın çaydan salamat qurtarıb. Hələ qabaqda bir qanlı çay – Ələkçi çayı da var. Bu nökərlərdən 3-4 nəfər qoş Abduləligilə, o çaydan da salamat keçsinlər”. Sultan bəy 3 nəfər atlı adamı qoşdu bizə. Xoşbəxtlikdən Ələk-çi çayı sakit axırdı. Atlılar qayıtdılar.

Sultan bəyin silahdaşı Daşdılı Hüseyn oğlu Abduləli - FOTO Qırxqız dağına sarı qalxırdıq. Düşüncələrimlə baş-başa qalmışdım. Paşa bəyin ağıllı, uzaqgörən, təmkinli və səxavətli olduğunu gördüm.

Sultan bəylə qısa söhbətim məndə xoş təəssürat oyatdı. Onda heç 15 yaşım yox idi. Sultan bəyin isə 22-23 yaşı var idi. Hərəkətində və söhbətində çox qürurlu, pəhləvan cüssəli, yaraşıqlıydı.

Onu da qeyd edim ki, Sultan bəyin toyunda yaxından iştirak etmişəm. Atam Hüseynlə Paşa bəy həmsöhbət idilər. Toyda da yanaşı oturmuşdular.

Toyun padşahı (toy bəyi) əmim Qələndəroğlu Kərim idi. Kərim əmim çox şəxsiyyətli, görkəmli kişi idi. Toyları çox məharətlə idarə edirdi. Məclisin şirin yerində arada gəzəni hüzuruna çağırıb bir kasa narın üyüdülmüş burunotu verirdi. Adamlar burunotunu burunlarına çəkirdilər. Aradan az keçmiş asqırmağa başlayırdılar. 20-30 dəqiqə gülməli mənzərə alınırdı. Burunotu çəkməyənlər çəkənlərdən çox gülürdülər. Amma bu cəza kənardan gələn qonaqlara, hörmətli ağsaqqallara, hacılara, məşədilərə və se-yidlərə tətbiq edilməzdi. Burunotu çəkənlər razılıq edərdilər ki, başımız açıldı, yüngülləşdik.

Kərim əmim toyda şuluqluq salanları hər iki dizin altına kələ-kötür odun qoymaqla, bir kasa inək yağı içirtməklə cəzalandırardı.

Ən maraqlısı at çapmaq yarışı idi. Kimin atı birinci yerə çıxsa, o atın boynuna ipək şal və kəlağayı yaylıq bağlayardılar. At çapmaq yarı-şında Mustafa əmimin oğlu Azad xüsusi fərqləndi. Azad atı çapa-çapa başı üstə dik dayandı. Hamı əhsən dedi. Bunu təkrarlayanlar oldu, amma Azad kimi edənlər olmadı. Azad təkrar olaraq atı tək çapdı. Atın tam qaçarağında sağ tərəfdən yenib sol tərəfdən yəhərin üstünə mindi. 100 nəfərə yaxın atlıdan heç kim Azadın bu hərəkətini təkrar edə bilmədi. Zəngəzurdan, Qarabağdan və digər bölgələrdən gələn qonaqlar Azadın qoçaqlığına və məharətinə əhsən dedilər. Atam Hüseyn qürurla deyirdi ki, Azad əmim oğlu Mustafanın oğludur. Azadın atına və özünə qiymətli xələtlər verdilər. Toyda biz cavanlar uzağa-yaxına yumurtanı nişangah qoyub tapança və beşatılanla atırdıq. Üç gün Sultan bəyin yanında oldum. Sultan bəyin və Xosrov bəyin 15-20 dostu bir yerdə idik. Bir neçə aşıq dəstəsi və Şuşanın məşhur xanəndələri də toyda iştirak edirdilər. Axşamlar biz cavanlar üçün əlik (cüyür) ətindən və qızıl balıqdan xüsusi xörəklər hazırlanırdı. Sultan bəyin toyu olan vaxt mən Gəncə Gimnaziya-sında oxuyurdum. Xosrov bəy də orada oxuyurdu. O, gimnaziyanı məndən iki il əvvəl qurtardı. Sultan bəy də bizdən qabaq burada oxumuşdu. Müəllimlərdən biri Sultan bəylə yerli olduğumu bilib mənə deyirdi ki, ondan yaxşı hərbçi olar. Çünki daha çox gücünə güvənirdi, bu hal isə sərkərdələrə xasdır.

ŞƏLVƏ DƏRƏSİNDƏN GƏLƏN DÖYÜŞÇÜLƏR

Atam danışardı ki, Andronikin başçılıq etdiyi 30 minlik erməni-daşnak ordusu Sisyan, Gorus, Meğri və Qafan ərazisindəki Azərbaycan kəndlərini talan edib yandırmış, əhalinin bir hissəsini vəhşicəsinə qırmışdır. Salamat qalanlar Laçının kəndlərinə qaçmışdılar. Andronik Laçın ərazisindən keçərək Qarabağ erməniləri ilə birləşmək və Qarabağı talan etmək istəyirdi. Sultan bəy və qardaşı Xosrov bəy bundan xəbər tutub qabaqlayıcı tədbirlər gördülər və düşmənin məkrli planını pozdular.

Əhalini səfərbər etmək üçün Sultan bəy sayılıb-seçilən ağsaqqalları Çay evinə dəvət edir. Qələndər oğlu Hüseyni də yanına çağırtdıraraq bildirir ki, məndə dəqiq məlumat var, ermənilər hücuma hazırlaşırlar. Vaxt itirmədən tədbir görməli, silahlı dəstələr təşkil edərək döyüş təlimləri keçməliyik. Şəlvə dərəsində bu işi görməyi sənə həvalə edirəm. Nə qədər silah-sursat lazım olsa mən verəcəyəm.

Hüseyn babam bildirir ki, bəy, bu hücumdan biz də xəbərdarıq. Xeyli müddətdir ki, Zəngəzurun Bayandur kəndinin 50-yə yaxın sakini erməni hücumlarından qorunmaq üçün gəlib bizim Daşlıda məskunlaşıblar. Silah məsələsinə gəlincə, Daşlıda hər kəsin silahı var. Ancaq Şəlvə dərəsinin digər kəndlərinin əhalisinə silah lazımdır.

Yeri gəlmişkən, xatırladaq ki, Sultan bəylə Qələndər oğlu Hüseynin yaxın münasibətləri olub. Sultan bəyin atası, ədalətli və müdrik şəxsiyyət kimi yaddaşlarda yaşayan Paşa bəy deyərmiş ki, ağsaqqalların çoxu aminçidir. Amma Sultan bəy səhvə yol verəndə Qələndər oğlu Hüseyn onun nöqsanlarını deyir və çəkindirməyə çalışır.

Hüseyn yola düşməyə hazırlaşarkən Sultan bəy deyir:

– Qələndər oğlu, səndən bir xahişim də olacaq. Oğlun Abduləli qubernatorluqda işləyir. Mükəmməl təhsil alıb, rus, ərəb və fars dillərini bilir. Onunla xüsusi münasibətlərim də var. Xəbər elə təcili yanıma gəlsin. Bizim döyüşən adamlarla yanaşı, yüksək siyasi savadı olan insanlara ehtiyacımız böyükdür. Çünki bu savaşda tərəfimizi tutan təkcə türklərdir. Ruslar, firənglər və ingilislər yenə də ermənilərin tərəfindədir.

Elə həmin gün Hüseyn əmisi nəvəsi Əmiri Şuşaya göndərir ki, Abduləlini gətirsin. İki gündən sonra Qələndər oğlu Hüseyn, qardaşları Həsən və Kərim, əmisi oğlu İsmayıl oğlu Abbas, Tağı oğlu Salah və Mustafa qardaşları öndə olmaqla Sadıq İsmayıl oğlu, Boran Abbas oğlu, Bahadur Hüseyn oğlu, Əvəz Kərim oğlu, Kərəm Həsən oğlu, Muxtar Həsən oğlu, Əmir Mahmud oğlu, Qələndər Şükür oğlu, Qaraş Şükür oğlu, Azad Mustafa oğlu, Müstəcəb Rza oğlu, Xankişi Tağı oğlu, Rza Tağı oğlu, Xanlar Tağı oğlu, Misir Cəfərqulu oğlu, Fərrux Cəfərqulu oğlu, Bəhrəm Cəfərqulu oğlu, Mütəllim Qulu oğlu, Paşa Sarı oğlu (Qovuşuq kəndindən, Hüseyn kişinin qaynı), Rza Cahangir oğlu (Kaha kəndindən), Əli Məhərrəm oğlu (Şəlvə kəndindən), Zülü Əli oğlu (Şəlvə kəndindən), Əşrəf Xələf oğlu (Şəlvə kəndindən), Zalan Məmmədcəfər oğlu (Bayandur kəndindən gələn), Alı Abış oğlu (Bayandur kəndindən gələn), Ədil Abış oğlundan (Bayandur kəndindən gələn) ibarət dəstə Çay evinin qabağına gəlir. Pəhləvan cüssəli cavanları görən bəy çox sevinir, Hüseyni qucaqlayaraq bağrına basır və gələn ağsaqqallara minnətdarlığını bildirir. Elə həmin gün silahlanan dəstə döyüş təlimlərinə başlayır.

Daşlıların ilk düşərgəsi Alxaslı və Hoçaz kəndləri arasında olur. Sultan bəyin qərargahı isə Alxaslı kəndində yerləşirdi. Atasının çağırışı ilə bəyin yanına gələn Abduləli də daim bu qərargahda oturaraq mirzə vəzifəsini icra edir. Gələn məktublar, yazılı verilən tapşırıqlar, silahların verilmə siyahısı və digər məxfi sənədlər ciddi mühafizə olunan qərargahda xüsusi yerdə, Abduləli Hüseyn oğlunun nəzarəti altında saxlanarmış.

Məşhur “Zabux” əməliyyatının uğurla keçirilməsində Qələndər oğlu Kərimin başçılıq etdiyi Daşlıdan gələn döyüşçülərin də böyük rolu olub. Sonuncu döyüşə qədər gecələr bir neçə dəfə erməni mövqelərinə hücum edən daşlılar erməni silahlılarını məhv etmiş, bir neçə erməni quldurunu girov götürmüş, xeyli sayda silah-sursat, at, qatır və ərzaq gətirərək öz səngərlərində mövqelərini möhkəmləndirmişlər.

Döyüşlərin əvvəlindən axırınadək iştirak etmiş, 1982-ci ildə 92 yaşında dünyasını dəyişən əmim Bahadur Hüseyn oğlu Qələndərovun dediklərindən: “Erməni-müsəlman savaşında mənim 26 yaşım var idi. Hər gün təlimlər keçir, ermənilərin hücumunu gözləyirdik. Sultan bəy at belində silahlıların təlim keçdikləri yerləri gəzir, müvafiq tapşırıq və göstərişlər verirdi. Bir gecə əmim oğlanları Sadıq və Kərim kəşfiyyata getdilər. Qayıdanda xəbər gətirdilər ki, kəndin yaxınlığında erməni silahlıları düşərgə salıblar. Səhəri gün 15 nəfər həmin düşərgəyə doğru getdik.

Gecədən az keçmiş düşərgəni üç tərəfdən mühasirəyə aldıq və eyni vaxtda atəş açdıq. Bir saata qədər şiddətli atışmada xeyli sayda erməni silahlısı məhv edildi. Yaxınlıqda yeraltı kaha var imiş. Sağ qalanlar qaçıb orada gizləndilər. 3 nəfər erməni, 7 ədəd beşatılan tüfəng, 4 at, 2 qatır qənimət götürərək öz mövqelərimizə qayıtdıq. Bizdən heç kəsə xətər toxunmamışdı.

Belə gecə əməliyyatlarını bir neçə dəfə etdik.

Bir gecə Sadıq, Kərəm, Boran, Xankişi və mən erməni düşərgəsinin lap yaxınlığınacan irəlilədik. İki erməni söhbət edirdi. Qəflətən onları tutduq və gətirib bəyə təhvil verdik. Bir gecə isə bir erməni, 14 baş mal gətirdik. Həmin ermənilərdən çox şey öyrənən Sultan bəy dedi: “Daşdılılar, həqiqətən siz igid adamlarsınız, gecələr əjdahaya dönürsünüz.”

Daşdılıların ən ağır döyüşü Keçəldağda olub. Həmin döyüşdə Qələndər Şükür oğlu, Muxtar Həsən oğlu və Azad Mustafa oğlu yaralandılar. Şəlvə kəndindən Əşrəf Xələf oğlu şəhid oldu. Əşrəf atam Hüseynin bacısı qızının yoldaşı idi. Axşamüstü döyüşdən sonra biz geri çəkiləndə məlum oldu ki, Əşrəf yoxdur. Daşdılılara başçılıq edən Kərim dedi ki, gecə də olsa Əşrəfi tapmalısınız. On nəfərdən çox adam geri qayıtdıq. Bir çox meyitlərə baxdıq. Kərəmlə Sadıq “tıqqıltı” işarəsi ilə bizi çağırdılar. Gedib gördük ki, Əşrəfin meyitini tapıblar, ancaq başı yoxdur. Əşrəfin meyitini Minkəndə gətirdik. Oradan da bir neçə adam Şəlvə qəbiris-tanlığına apardı. Əşrəf çox irigövdəli adam idi. Biz döyüş ərazisindən geri çəkiləndə ermənilər ölənlərin silah və paltarlarını aparmağa gəlirlər. Əşrəfin meyitini Sultan bəyin qardaşı İsgəndər bəyə oxşadırlar. Əşrəfin başını aparırlar ki, mükafat alsınlar.

Keçəldağ döyüşlərində Şəlvə dərəsindən gələn dəstə böyük igidlik göstərdi. Bizim döyüşçüləri gündəlik yeməklə Minkənddən olan Hacı Vəli təmin edirdi.”

Savaş dövründə, xüsusən də 1917-1918-ci illərdə atam Sultan bəylə bir yerdə olub. Sultan bəyin müharibə vaxtı ən gizli söhbəti Seyid Həmidlə olarmış. Onda da atamı yanında saxlayarmış. Çünki Seyid Həmidlə anam Sədəfin qohum olduğunu bilirdi. Seyid Həmid çox qorxmaz, igid adam idi. Həmişə atama tapşırarmış ki, verilən silahların siyahısını dəqiq tutsun, sonra nanəcib adamlar danarlar.

Ermənilər Zabux dərəsində ağır məğlubiyyətə uğradıqdan sonra müəyyən müddətə sakitlik yaranıb. Zabux kəndi və Dığ kəndi sərhədində, Zabuxun düzü adlanan yerdə rusların və ingilislərin təkidi və iştirakı ilə imzalanan “Sülh müqaviləsi”ni atam Abduləli yazıb hazırlayıb və Sul-tan bəy də möhür basıb (Təəssüf ki, indi həmin müqavilə əldə yoxdur).

Anam danışardı ki, sovet hakimiyyəti gələndə malımızı-mülkümüzü aldılar, evimizin qiymətli əşyalarını götürdülər, nəslimizi isə mülkədar-qolçomaq adlandırdılar. Qorxudan evdə olan kağızları yandırdım. Çox güman ki, həmin müqavilə də o zaman məhv edilib.

Şuşa qəzasında sovet hakimiyyəti qurulduqdan sonra Qəza Komitəsinin I katibi işləyən Ocaqqulu Musayev tərəfindən atam Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edilir. Bir müddət sonra atamı mülkədar ailəsindən olub, Sultan bəylə işləməkdə günahlandıraraq vəzifədən uzaqlaşdırırlar (Bu zaman O.Musayev Gorusda partiya katibi kimi fəaliyyət göstərirdi. Təəssüf ki, çox keçmədən ermənilər onu da qətlə yetirdilər). Bu zaman atamın tələbə yoldaşı və dostu olan şuşalı Zülfüqar bəy Mədət bəy oğlu işə qarışır. O, tanıdığı, Şuşaya yeni təyin olunan partiya katibini inandırır ki, Abduləli təmiz adamdır, bir neçə əcnəbi dil bilir. O.Musayevlə dost olub və hər zaman ona kömək edib.

Bundan sonra atamı indiki Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edən Qəza Meşə Təsərrüfatı idarəsinə müdir təyin edirlər. Atam o illəri belə xatırlayırdı:

KƏLBƏCƏRDƏ KEÇƏN İLLƏR

““Zabux əməliyyatı”nda ermənilərin ağır itki verib məğlub olması bizi arxayınlaşdırmadı. Sultan bəy sərhəd boyu yerləşən döyüşçülərə öz mövqelərində möhkəm dayanmağı tapşırdı. Amma əsas narahatçılıq Kəlbəcər tərəfdən idi. Ermənilər Göyçə və Basarkeçər tərəfdən hücuma keçə bilərdilər. Sultan bəy mənə dedi ki, Kəlbəcərdən olan ağıllı, qoçaq və imkanlı adamları dəvət edək və onlarla məsləhətləşib birgə fəaliyyət göstərək.

Bəyin tövsiyəsi ilə hazırladığım məktub onlara çatan kimi Məşədi Cəmil, Kürdoğlu Məhəmməd, Süleyman bəy, Babaxan, Zeynalabdin və başqaları Alxaslı kəndindəki qərargaha gəldilər. Həmin gün Laçın kəndlərinin imkanlı və dəyərli ağsaqqalları da gəlmişdilər. Bu görüş çox xoşməramlı görüş idi. Kəlbəcərlilər və laçınlılar biri-birinə əmioğlu, qardaş deyə müraciət edirdilər. Sultan bəy üzünü kəlbəcərlilərə tutub dedi: “Siz də öz sərhədlərinizdə möhkəm müdafiə qurun, əhalini silahlandırın. Hələlik 50 ədəd beşatılan tüfəng və çatacaq qədər patron aparın.”

Səhər tezdən xəbər gəldi ki, ermənilər Cağazur və Fərəcan kəndlərinə hücum edib və ağır itki verərək geri çəkiliblər. Cağazurlu Ağaməmmədin dəstəsi çox igidlik göstərib. Xəbər Sultan bəyə çatan kimi atlandı. Qurdqajılı Abdulxaliqlə mənə tapşırdı ki, silahları Məşədi Cəmilgilə təhvil verin. Biz də “təhvil-təslim” aktı ilə silahları payladıq.

Kürdoğlu Məhəmməd xahiş etdi ki, beşatılanın ikisinin yerinə iki ədəd türk mauzeri verin, çünki o tüfəng çox uzağı vurur və patronları dağıdıcıdır. Razılaşdıq və bildirdik ki, mauzerin patronu azdır. Məhəmməd dedi ki, bizdə o patrondan çoxdur. Onlar 48 ədəd beşatılan tüfəng, 2 mauzer və 2 qatır yükü patron götürüb yola düşdülər.

...Mən Kəlbəcərdə işə başlayanda ən əvvəl Kürdoğlu Məhəmməd yanıma gələrək bildirdi ki, Sultan bəylə sənin yaxşılığını unutmamışam və nə kömək lazımdırsa edəcəm. O, yaxşılıq deyəndə ona iki türk mauzerinin verilməsini nəzərdə tuturdu. Sonrakı günlərdə Qazıxanlıdan Süleyman bəy, Kəlbəcərdən Hacı Şirin oğlu Museyib, Keştəkdən Babaxan, Başlıbeldən Zeynalabdin, Zəylikdən Molla Musa oğlu Saleh və başqaları gəlib məni təbrik edir, hər cür köməklik göstərməyə hazır olduqlarını deyirdilər.

Kürdoğlu Məhəmməd Kəlbəcərdə üsyan edəndə kommunist partiyası katibinin evini və başqa yeni hökumət binalarını dağıtdı, 3 ayadək hakimiyyəti əlində saxladı. Meşə idarəsinə tərəf bir addım da atmadı. Hacı Şirin oğlu Museyib mənə dedi ki, Kürdoğlu Daşdılı Abduləlinin idarəsinə dəyməməyi tapşırıb. Museyib onu da dedi ki, Sultan bəyin silahdaşı olduğunu hamı bilir, ona görə də başın ağrıyacaq.

Üsyan yatırıldıqdan sonra sovet milis dəstələri və digər silahlı birləşmələr Kürdoğlu Məhəmmədin adamlarını tərksilah etdilər. Məni yenə də NKVD-iyə çağırıb sorğu-sual elədilər. Məhəmmədlə əlaqəmin olmadığını dedim. Sağ olsun Kəlbəcərin ədalətli və uzaqgörən adamları, məni müdafiə etdilər. Bakıdan gələn təhlükəsizlik komitəsinin bir nəfər işçisi rus millətindən idi. Məni axırıncı o danışdırdı. Bizə tərcüməçi lazım olmadı. Ona düzünü danışdım, Sultan bəyin İrana və ya Türkiyəyə getdiyini, onunla bir daha görüşmədiyimi bildirdim. Onunla xeyli söhbət etdik. Mənə deyirdi ki, rus xalqının tarixini, yazıçı və şairlərini yaxşı tanıyırsan. Söhbətimiz tuturdu. O, Bakıya gedəndə mənə dedi ki, öz işinlə məşğul ol, daha səni NKVD-i narahat etməyəcək.”
Sultan bəyin silahdaşı Daşdılı Hüseyn oğlu Abduləli - FOTO
1941-ci ildən 1952-ci ilədək Kəlbəcər rayon Meşə Təsərrüfatında müdir, baş meşəçi vəzifələrində işləyən atam Abduləli Qələndərov 1954-cü ildə 75 yaşında vəfat edib.

Hüseyn ABDULƏLİOĞLU

Laçın yurdu - №3(6), 2012

SON XƏBƏRLƏR
Məşhur italyan modeldən Xocalıya dəstək
Xocalı şəhidləri Parisdə yad edilib
İBRAHİM OĞLU ÖMƏR XƏYYAMA HANSI ƏHVƏLATI DANIŞMIŞDI
Azərbaycan İsrailə “Dəmir günbəz” kompleksi sifariş verib
`Rusiya MDB-yə qoşulmağımız üçün Xocalı soyqırımını törətdi` - Sabiq müdafiə naziri
Ailə tərkibi 6 nəfər olan köçkünlərə 4 otaqlı ev veriləcək
Komitə məcburi köçkünlərə müraciət etdi - aylıq müavinətlər bu ay verilməyəcək
Qasımuşağı tikmə və xalçalarında `S` şəkilli ornament (`qol`)
Şəhidlərimizin adları açıqlandı - RƏSMİ
Cəbhədə növbəti toqquşma: Düşmən itki verdi - RƏSMİ
Arutunyan: “Müharibəyə hazırlaşmalıyıq, əks təqdirdə itirdiklərimiz böyük olacaq”.
Yolumuz Vətənədi - Qönçəgül Kamalqızı yazır
“Münaqişə tərəflərini təmkinli olmağa və danışıqlara dəvət edirik” - İran XİN
Xocalının son toyu – FOTO
Prezident “Xocalı” abidəsini ziyarət edib
Xarici İşlər Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT
"Bacım ölmüş anamın döşünü əmərək sağ qaldı" - Xatirə Orucova
`Atamı gözümün önündə diri-diri yandırdılar` – Xocalıda valideynlərini itirmiş `25-lər`dən biri
Əbədi nifrət...
Rusiyanın Ankaradakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
"Ermənilər qüvvələrini cəbhə xəttinə çəkirlər, tanklar ön xəttə toplanıb"
XX əsrin faciəsi: Xocalı soyqırımından 25 il ötür (VİDEO)
Füzuli rayon 40 saylı tam orta məktəbdə Xocalı qurbanları anılıb - FOTO
Ordumuz düşmənin atəş nöqtəsini darmadağın etdi - VİDEO
İraqda 4 min cəsədin basdırıldığı kütləvi məzarlıq aşkar olunub
"Facebook"da pulköçürmə sistemi istifadəyə verilib
“Sənədsiz evlərə və torpaqlara mülkiyyət hüququ verilməlidir” - Ombudsman
Niderland Parlamentinə Xocalı soyqırımı ilə bağlı petisiya təqdim olunub
Ağdamda kəndlər boşaldılır? — İcra başçısından açıqlama
Düşmən geri oturduldu: İtkilərimiz var - RƏSMİ