Qarabag Media
Haqqımızda Əlaqə

Moskvadan yazdılar ki, bir də bu iki nəfəri tədbirlərə göndərməyin...

Tarix:30-12-2016, 08:47 Baxış Sayı:1263 Kateqoriya:Manşet, Yazarlar

Moskvadan yazdılar ki, bir də bu iki nəfəri tədbirlərə göndərməyin...

Bu gün Azərbaycanın görməkli şairi, unudulmaz Nüsrət Kəsəmənlinin doğum günüdür. Belə bir gündə onun həm qələm, həm də həyat dostu, xalq şairi Sabir Rüstəmxanlı gözəl bir xatirə yazısı ilə çıxış edib.

Karabakhmedia.az həmin yazını bakipost.az-a istinadən təqdim edir:

Ömür vəfa qılsaydı, 70 yaşını bayram edəcəkdik. Və yəqin ki, yaş onun yaxınlarına daim gülümsəyən üzündəki işığa kölgə sala, səmimiyyətinə heç bir təsir göstərə bilməyəcəkdi. Mən ondan yarım il böyükdüm və bu kiçik "böyüklükdən" imtiyaz kimi geninə-boluna istifadə edir, mübahisəli məsələnin həllində bu bir neçə aylıq fərqdən yapışırdım. Ancaq məncə, uzun dostluğumuz ərzində elə bir ciddi fikir toqquşmamız olmamışdı.

Nüsrət Kəsəmənli ötən əsrin altmışıncı illərinin sonunda poeziyamıza gələn və qısa müddətdə ictimaiyyətin diqqətini cəlb edən, oxucuların sevgisini qazanan parlaq bir ədəbi şəxsiyyət idi. Boylu-buxunlu, ötkəm, gülərüz, ömrün çətinliklərinə mərdi-mərdanə sinə gərən, etibarlı, sözü üzə deyən, xırdaçılığı sevməyən, ürəyi sevgiylə və xeyirxahlıqla dolu bir gənc idi. Bakıya bizdən sonra gəlmişdi və elə ilk görüşümüzdən girişsiz- müqəddiməsiz bir- birimizə ürək qızdırmışdıq. Hansı gündən, hansı olaydan? - xatırlamaq çətindir; yəqin o da dəqiq deyə bilməzdi; mənə elə gəlirdi biz elə uşaqlıqdan tanışıq. Bakıya gətirən əziyyətli, ehtiyac dolu yollarda həmişə yanaşı olmuşuq. Bunun çox sadə bir səbəbi vardı: ilk şeirlərimizin çoxu oxşar yolların və talelərin, bənzər sevgi və ayrılıqların, doğma ruhların ifadəsiydı. Bizdən öncə şeirlərimiz yaxınlaşmışdı, onları dinləyəndən sonra təqdimata, keçmişin və kimliyin haqqında əlavə bilgiyə ehtiyac qalmır. Zaman keçdikcə mövzularımız, ədəbi maraq dairəmiz genişləndi, ayrıldı, müəyyən məqamlarda bir-birindən uzaqlaşdı, hərə Allahın məhz onun çiyninə qoyduğu görəvi daşımağa başladı, ancaq bu, əqidə yaxınlığımıza təsir göstərmədi. Elə bu ruh doğmalığı hiss olunmadan Çingiz Əlioğlunu, Nüsrət Kəsəmənlini və məni yaxınlaşdırmışdı, aramızda uzun illər davam edən, ədəbi mühitimiz üçün nadir bir dostluq nümunəsi yaranmışdı.

Biz xaraktercə fərqliydik, ancaq dostluğumuzun bir səbəbi də bu müxtəlif xarakterlərin bir- birini anlamasıydı. İndi bu fərqləri yaza bilmərəm, daha doğrusu bu, məni ilgiləndirmir, çünki bu fərqləri bizim yazılarımızda görmək çətin deyil. Maraqlı olan bu fərqliliyin bir arada, bir- birinə mane olmadan, qısqanmadan, biri- birinin uğurlarına sevinə-sevinə yaşaya bilməsiydi. Hər birimizin ayrı mühiti, ayrı dostlarımız da vardı; məsələn mən ədəbi mühitdə Fərman Kərimzadə, Məmməd İsmayıl, Musa Yaqub, Məmməd Aslan, Hidayət, Tofiq Hüseyn, Ramiz Rövşən, Seyran Səxavət, Tahir Qurbanov, İsa İsmayılzadə, Xudu Məmmədov, Altay Məmmədov, Məmməd Araz və Sabir Əhmədlini də, bəziləriylə yaş fərqlərimizə baxmayaraq, yaxın dostlarım sayırdım, bir yerdə oxumaqdan, bir yataqxanada yaşamaqdan, bir mənzildə kirayəkeş olmağımızdan, bir yerdə işləməkdən tanıdığım, sevdiyim bir çox doğma insanlar vardı, lakin bu, “üç qardaş”ın əlahiddə bir yol getməsinə mane olmurdu, əksinə, bizim yaxınlığımız sonralar uşaqlıq, gənclik dostlarımızı da tanışdırmışdı.

Nüsrət Kəsəmənlı toplumda itib- batan adam deyildi; onu dost da görürdü, düşmən də, elə ilk görüşdən yaddaşlara həkk olunurdu. Şeirləri də beləydi, çünki şeirləri də boyu bərabərindəydi, ilk oxunuşdan oxucu qəlbində yer qazanırdı. Şeirləri kitabdan, ədəbiyyatdan yox, taleyindən, çəkdiyi acılardan, sevgisindən və ayrılıqlarından gəlirdi; bəzən iç dünyasının və yaşadıqlarının çılpaqlıqlarını göstərməkdən çəkinməyən və ənənəvi görünməyən qədər intim, cəsarətli, mərd və səmimiydisə, bəzən də heç bir haqsızlığa dözməyən dərəcədə üsyankar və barışmazdı. Dözümlüydü, ancaq qəfildən tufan qoparmağı da vardı. Ədəbi taleyi ona uşaqlıq taleyini unutdurmadı, Bakı sevgisi Ağstafanın "ata-ana sevgisizliyinin", " anları coraba toxuyan", "yumaq açıldıqca bükülən" nənənin boynuna dolanmaq üçün açılan qollarının yerini doldurmadı, ancaq bu dərdlər şeirə keçdikcə ədəbiləşdi və əbədiləşdi, paylandı, hamının malı oldu, paylandıqca Nüsrətin yükü şeir-şeir yüngülləşdi, oxucu sevgisi kədərli xatirələri şeir-şeir əvəz etdi və Nüsrət otuz yaşına istedadının və oxucu sevgisinin toxluğu, arxayınlığı ilə, saraylarda yaşamış, əziyyət görməmiş bir gəncin vüqarıyla, başıuca gəldi. Və bir çox sıxıntıların üstündən adlamağa dostluğumuz da yardım etdi, bir - birimizə mənəvi dayaq olmağı bacardıq. Təkcə sevimli oğlu Arazın başına gələn acı olaydan başqa. Haqsız hücumlar və oğlunun, sonadək inanmadığı ittihamla həbsi heç bir ehtiyacın qarşısında əyilməyən qardaşımızı gözə görünmədən sındırdı və ömrünü qısaltdı.

Araza körpəykən yazdığı şeirdəki arzusuna çata bilmədi:

Vətən alov etsin odunu sənin,
Böyü bu torpaqla, bu yurdla öyün,
Mən Araz qoydum ki, adını sənin
Evimdə Arazı çağırım hər gün.

Amma sanki 1982-ci ildən bu günləri görüb şerin başqa bir bəndində yazır:

Əlimiz yetişmir göz görə-görə,
Oğulsan, bu dərdə döz, görə-görə,
Biz ümid toxumu səpmişik yerə,
Dər, oğlum,
demə ki, dərən tapılmır...


Nüsrətin bir çox şeiri qırıq, niskilli ömürlərə işıq salan şair kəşfidir, doğulub, taleyə üsyan kimi, nəğmə, bayatı kimi... Nüsrətə qədər də ailə uğursuzluğunun, ata -ana ayrılığının acısını yaşayan saysız insan və söz adamı olub, ancaq bu ayrılığın övladlara yaşatdıqları məhz Nüsrətin qələmində bu gün artıq titullaşmış və dillər əzbəri olmaqla, təsəlliyə çevrilmişdir:

Ayrı yaşayırlar atamla, anam,
Bir təzad ömür edir bu kainatda.
Onlara həm doğma,
Həm də ki, yadam,
Göz açıb nənəmi gördüm həyatda.
Beşiyim başında layla yananda
Bayatı hicranın dilində qaldı.
Ürəyim bir ata-ana yanında
Əllərim bir nənə əlində qaldı.


Nüsrət bu ağrılardan doğulmuşdu, bu misralar onun tərcümeyi-halı və özünü tanıtmasıydı... Bu misralar həm də ona oxucu sevgisinin qapısını açırdı. Şeirin sonluğu bu gün doğrudan da misal, ata sözü kimi səslənir:

Atalar, analar yad olan zaman
Yaxşı ki dünyada nənələr varmış.


Bu iki misra dəmir yol relsləri kimi Nüsrəti Ağstafa vağzalından alıb birbaşa ədəbi mühitimizə gətirmişdi və bizlərlə doğmalaşdırmışdı.
Nüsrətin onlarla belə tale şerını xatırlayıram və o şeirlərin oxucu auditoriyalarını necə dalğalandırdığını illər uzunu müşahidə etmiş, sözün gücünə sevinmişəm. "İrəvanda xal qalmadı", "Dünən toyun idi", "Dəli bir ağlamaq keçir könlümdən", "Yumul, bənövşəm, yumul", "Hazır qəbirlər", "Oğru olmaq istəyirəm", "Biri vardı, biri yox", "Daha nağıllara inanmıram mən" kimi neçə-neçə şeri məhz o görüşlərdən sonra dildən - dilə düşür, həm Nüsrəti böyüdür, həm də poeziyamızın, ədəbiyyatın ölkənin mənəvi həyatına yollarını genişləndirir, bədii sözün nüfuzunu artırırdı.

Nüsrət sevgi şairiydi. XX yüzilin sonuna doğru saf sevginin bayağılaşdığı, Azərbaycan ruhunun qəbul etmədiyi bir sıra yabançı yaşam şəkillərinin həyatımıza soxulduğu, əsil məhəbbət haqqında yazmağın, sevgi etiraflarının arxaik göründüyü bir çağda Nüsrət bəzən hətta uşaq sadəlövhlüyü təsiri bağışlayan, lakin səmimiyyətilə inandıran sevgi şeirləriylə ortaya çıxdı.

Bu gün Nüsrətin sevgi şeirləri yüzlərlə vurğun ürək arasında körpü salır, eşq məktublarını bəzəyir.

"Getmək istəyirsən", "Bilsəm yalan deyirsən", "Əllərin nə yaman soyuqdur, gülüm", "İsti yağışlar yağır"," Etiraf", "İkimizin yerinə", "Allahım, ayırma bizi" və başqa şeirləri təkcə Nüsrət Kəsəmənlinin deyil" ötən əsr sevgi lirikamızın ən gözəl örnəkləri sırasındadır...
Moskvadan yazdılar ki, bir də bu iki nəfəri tədbirlərə göndərməyin...

Bizim ədəbiyyata gəldiyimiz illərdə poeziyamızda iki xətt yanaşıydı: ənənəvi heca şeri və sərbəst şeir. Bunların arasında qovğaların qızışdığı zamanlar da olurdu. Modern düşüncənin yox, modern formanın dəbdə olduğu vaxtlardı. Bizlər bu iki cəbhənin arasında öz yolumuzu bulmağa çalışır və bu ayrı-seçkiliyi aradan qaldırıb, eyni vaxtda həm hecayla, həm sərbəst yazmağın mümkünlüyünü göstərməyə çalışırdıq. Bu baxımdan Nüsrət Kəsəmənli şerı də iki qanadlıdır və onun istedadı üçün bu yolların heç birində maneə yoxdur. Nüsrət şeir tariximizdə yüz dəfə işlənmiş rədiflərlə qoşma, gəraylı yazmaqdan çəkinmədiyi kimi, ən gözlənilməz obrazlara, gözlənilməz poetik dillə danışmağı da bacarırdı. Məsələn, 1980 -ci ildə Yardımlıda, sərhəddə, Savalanla üzbəüz dayandığımız gün mənə həsr etdiyi bir şeirdə deyirdi:

Külək aparır sözümü,
Göz yaşım inci düzümü,
O tayda bir qız gözünü
Sıxır, pərişan-pərişan.
Qoyur çəmənə izini,
Bulud alır dost üzünü,
O taydan qəmli gözünü
Yığır, pərişan- pərişan.

Bu, ənənəyə bağlı və bəsit görünməkdən, köhnə qafiyələrlə danışmaqdan qorxmayan şairdir. Çünki önəmli olan burdakı ruhun yeniliyi, köhnə görünən söz düzümlərinin yeni duyğuları çağdaş havaya kökləyə bilməsi və cızdığı mənzərənin xalqın faciəsini ifadə edə bilmək gücüdür.

Sərbəst şeirlərində başqa bir Nüsrət görürük. O, "yetişmiş və yetişməmiş bombaları dərib, körpə saflığıyla oyanan cahana bir səbət Göyçay narı göndərmək istəyir" , "Zamanın budaqlarında dahilərin cəsədi saat kəfkiri kimi yellənəndə, çıxıb əsrlərin üstünə qıpqırmızı bir həqiqət ağappaq yalanlara "mənəm həqq" deyib dillənəndə haqqın dilini yox, zülmün kəndirini kəsdirmək" istəyir, onun gözündə ağaclar köklərini tarpaqda dəfn edib ucalır, buludlar dəsmal kimi şeh düşmüş günəşi qurulamaq istəyir. 20 Yanvarda "ölülər sıxılmış ovuclarından azadlığı buraxmaq istəmirlər", "qanlı köynəyinə bürünənlər şəhidlik zirvəsinə gedir"... Bu misalların sayını artırmaq da olar. Çox yer alar deyə şeirlərdən bütöv parçaları bura köçürmədim. Lakin elə bu misralar da şair dostumun poetik düşüncəsinin rəngarəngliyini göstərməyə bəs edir.

Nüsrətin bənzərsiz publisistikası vardı. Televiziyada unudulmaz verilişlər aparırdı. Sənədli filmimizin inkişafında xidmətləri danılmazdır. "Bakı" qəzetində işlədiyi illərdə balaca xəbər köşələrini sözünün gücüylə necə genişləndirdiyini, xırda olayları obrazlı və şairanə dillə necə ətə- qana doldurduğunu yaxşı xatırlayıram.

Onun gözəl insan və böyük istedad sahibi olması, iri bədənində kövrək üfüq ürəyi gəzdirməsi barədə çox yazmaq olar...

Bəzi şeirləri gözümüzün qabağında, anidən doğulub. Zarafat kimi baxdığımız və ardı kəsilməyəcək sandığımız olayların hər biri şirin xatirəyə dönüb.
Moskvadan yazdılar ki, bir də bu iki nəfəri tədbirlərə göndərməyin...

...Biz üçümüz də şahmatı sevirdik. Hətta sonralar mən Şahmat Federasiyasının yaradılmasında yaxından iştirak etdim, federasıyanın ilk prezidenti seçildim və bunu oyun vaxtı onlara tez-tez xatırladırdım... Nüsrət bütün oyunları ehtirasla oynardı. Üçümüz də beləydik. Ancaq axıra kimi eyni səviyyədə oynamırdı, hövsələsi çatmırdı. Bir dəfə jurnalistin tələsinə düşmüş və hansımızın yaxşı oynadığımız barədə suala yəqin elə uduzmaların acığına "məni yuxudan oyatsanız yenə onları udaram" demışdi. Həmin gün onun ofisinin qabağından keçib Yazarlar Birliyinə gedərkən birdən bu müsahibə yadıma düşdü və yolumu dəyişib ofisə girdim. Pillələrlə bir oğlan düşürdü, məni görən kimi güldü və "o müsahibəni yazan mənəm" dedi. Qolundan tutub geri qaytardım. Gəl otur, gör qardaşım yuxudan oyananda necə oynayır. Nüsrət də həvəslə daşları düzdü və bir neçə gedişdən sonra səhvə yol verdi. Köhnə xasiyyətincə əlimdən tutub fiquru götürməyimə imkan vermirdi. Belə hallarda, uşaq cığallığıyla "üzr istəyirəm" deyib vəziyyətdən çıxırdı. Güzəştə ehtiyacı olmayan, qürurlu, əyilməz dostumuzun, dodaqlarında təbəssüm, bu süni üzristəmələrindən ötrü oyunu uduzmaq da olardı. Bizə ləzzət verir, zarafat mövzusuna çevrilirdi. Ancaq həmin gün mən də inada düşmüşdüm, üzr istəmək metodları işə yaramırdı. Bizim mübahisələri maraqla izləyən jurnalistə "get, şahmatda kimin udduğunu doğru yaz!" - dedim. Təbii ki, araya başqa mövzular düşdü, iki dəqiqədən sonra şahmat unuduldu....

Nüsrət dost yolunda oda atılardı. Bir dəfə iki maşınla onun Əhmədlidəki evinə gedirdik. O qabaqdaydı. Neftçılər metrosuna çatmamış yandan qəflətən çıxan maşın məni vurdu. Nüsrət bunu güzgüdən görübmüş. Maşını saxladım, yüngülcə əzilmişdi. Sakitcə sürüb gedəcəkdim. Bəlkə məni vuran yanımdan keçib getsə, fikir də verməyəcəkdim. Ancaq bir də baxdım Nüsrət sürücünü yaxalayıb, zorla əlindən aldım. "Boş ver!" "Nə boş ver,- dedi, maşını vurmağı azmış, hələ bir aradan çıxmaq istəyir". Maşını düzəltdirməyi onun boynuna qayana qədər əl çəkmədi...

Azərbaycanda və kənar yerlərdə başımıza çox macəralar gəlmışdi, bəzən dalaşmalı olmuşduq. Hətta Moskvadan, Komsomolun mərkəzi komitəsindən Bakıya məktub gəlmişdi ki, bir də bu iki nəfəri ümumittifaq tədbirlərinə göndərməyin, lakin bizimkilər bu məktuba əhəmiyyət vermədilər, nədən ötrü mübahisə etdiyimizi, savaşdığımızı bilirdilər.

Həm son dərəcə yaxın, həm də əlçatmaz xatirələrdir. Hər biri Nüsrətin xarakterinə bir tərəfdən işıq salır, onu daha yaxşı tanıdır.

Şuşaya, Vaqif poeziya günlərinə getmişdik. Gecədən xeyli keçmiş yarıqaranlıq küçəylə restorandan otelə doğru enirdik. Mərkəz Komitənin ideoloji katibi, bu gün xaricdə ölkəmizin səfiri olan, son illərdə tariximiz haqqında yeni araşdırmalara və tapıntılara söykənən, qadim tarıximizə yeni baxış sərgiləyən bir neçə qiymətli kitab nəşr etdirmiş və o vaxt da ədəbiyyatımızı ürəkdən sevən hörmətli Həsən Həsənov qolumdan tutub məni dəstədən arxaya saxladı və dedi: "Sənin "Gəncə qapısı" kitabını çox bəyənmişdim, rəyimi sənə də demişdim, mükafata layiq kitabdır, ancaq, yəqin bilirsən, dostun Nüsrət Kəsəmənlinin kitabı da təqdim olunub Komsomol mükafatına. Rəqibsiniz. Nə deyirsən? Mükafatı hansınıza verməliyik?" Mən tərəddüd eləmədən dedim: " Nüsrətin kitabı da mükafata layiqdir. Birimiz alsaq, digərimiz kənarda qalsaq, haqsızlıq olar və heç birimizə nuş olmaz!" Ayaq saxladı və güldü: "Şükür, ilk dəfədir, yazıçılarımızdan birini dostunu müdafiə edən görürəm. Yoxsa kimi dindirirsən, deyir əvvəlcə mən. Yaxşı, sənin rəyini nəzərə alarıq!" dedi və dəstəyə qoşulduq. O il ikimiz bir yerdə aldıq mükafatı; sovet- komsomol ideologiyasına qətiyyən aidiyyəti olmayan, milli ruhlu kitablarımıza görə...

1988-ci ilin mitinqləri, Meydan - həm də ziyalıların sınaq meydanıydı, sözlə işin nə qədər uyğunluğunun su üzünə çıxan çağlarıydı. O zaman Nüsrət çoxlarından fərqli olaraq, xalqın arasındaydı. Alovlu çıxışlar edirdi, sonra da 20 Yanvara, Şuşaya, Xocalı faciəsinə, itən torpaqlarımıza və şahidi olduğu xəyanətlərə yanğılı şeirlər yazdı...

...Bir gün Gündüz mənə zəng vurub gözlənilməz bir xəbər verdi: "Ata, bilirsəınmi, Nüsrət əmi qəzaya düşüb..." Nüsrət usta sürücü olduğundan bu xəbər məni təəccübləndirdi: "özü əzilməyib ki?" deyə soruşdum. "Nə əzilmə, deyirlər ölüb". Səsi titrədi. Danışığımızı kəsdim. Hara zəng vurum? Bir də gördüm mexaniki şəkildə Nüsrətin öz nömrəsini yığmışam. Və cavabı da o özü verdi... İnsanların həyatında nadir hallarda ortaya çıxan bir durumdur. "Qardaş, şükür sağ-salamatsan!" "Hə, şəhərə başqa xəbər yayılsa da, salamatam-dedi,- Bir möcüzəylə xilas olmuşam. Qatar maşınımı 20 metr sürüklədi, amma özümə bir şey olmadı." "Düş evin yanına, gəlirəm"- dedim. Görüşdük, hələ həyəcanı keçməmişdi. "Bulaq suyu olsa içərdim" - dedi. Getdik o vaxt Əzizbəyov körpüsünün o üzündə yeni açılmış "Qəbələ" restoranına. Səhəngdə sərin bulaq suyu gətirdilər. Yenidən üz -üzə oturmağımızın şərəfinə süfrə açdırdım. Qədəhi əlinə götürüb sakitcə "Mən indi ölmüş olmalıydım. Yaxın dostum kimi üstümdə əsas sözü sən deyəcəkdin. Şükür, sağam, ancaq orda nə deyəcədinsə onu indi de, eşitmək istəyirəm". "Başın yerindədir?" -deyə soruşdum. "Yerindədir." "Tamam , indi ki, bu qəzadan salamat adlamısan arzunu yerinə yetirim". Təbii ki, ağlıma gələn vida sözünü görüşümüzün sevincinə çevirib söylədim, ondan sonra nə deyə biləcəyimi zarafatla çevirdim. Hələ hansımızın tez gedəcəyimiz bəlli deyildi. Sonra Təbrizdə müalicədən qayıdanda da orda görüşmüşdük və hətta Təbrizdə də ev üçün, uşaqları üçün, Bakı üçün darıxdığını demişdi.

O son görüşlərdə şair qardaşımın şərəfinə nə dediyim yadımda deyil. Yəqin, elə bu məqalədə yazdığlarıma bənzər nələrisə demişdim və sağlığında eşitmişdi... 70 yaşın qutlu olsun, ölməz dost!

Karabakhmedia.az

SON XƏBƏRLƏR
Prezident generalların Bakı görüşündən danışdı
ABŞ Polşaya yenə hərbçilər və texnika göndərir
Azərbaycan nümayəndə heyəti `IDEX-2017` Beynəlxalq Müdafiə Sərgisində iştirak edir
Mosulun qərbinin İŞİD-dən azad edilməsi əməliyyatı başlayıb
DƏMİR MAYOR KARVANI NECƏ MƏHV ETDİ
İran səfiri: Diplomatların Cocuq Mərcanlıya səfərinin təşkili yaxşı təşəbbüs idi
Bu gün Milli Qəhrəman Yusif Mirzəyevin anım günüdür
Gimnastımız Dünya Kubokunun finalında
İtkin düşən neftçilərdən daha birinin meyiti tapılıb
Yıldırımla Merkel qapalı görüş keçirdi
Prezident Münxendə Binəli Yıldırımla görüşdü
Qarabağ abidələri - Bərdə türbəsi
Cəbhədə ermənilər təxribat törətdi
Cavanşir nəslinin nazir oğlu
Türkiyədə partlayış törədilib, ölən və yaralananlar var
Türkiyədən Qarabağ separatçılarına xəbərdarlıq
“Ermənistan bölgədə vəziyyəti gərginləşdirir” - Adil Əliyev
Dövlət Departamentinin rəsmisi Azərbaycana gəlir
Rusiya XİN-dən Dağlıq Qarabağdakı "referendum"a münasibət
İrandan işğalçı Ermənistana 84 milyon dollarlıq dəstək
Turan İmperiyasının tarixi və mahiyyəti - (I yazı)
Komitə məcburi köçkünlərlə bağlı icra hakimiyyətlərinə xəbərdarlıq etdi
Azərbaycanda əsir və girovların sayı açıqlandı
Qaradağlı qətliamı: Qarabağda erməni terrorundan 25 il ötür
Mərkəzi Bank yeni məzənnəni açıqladı
Cəbhədə son vəziyyət: Ermənistanın təxribatı davam edir
Rusiya və Türkiyə XİN rəhbərləri arasında danışıqlar keçirilib
“Ginnesin Rekordlar kitabı”na düşən azərbaycanlılar – SİYAHI
ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər
İŞİD Pakistanda terror törətdi: 70-dən çox ölü, 250-dən çox yaralı