Qarabag Media
Haqqımızda Əlaqə

Orxon-Yenisey abidələrində ekoloji mahiyyətli yazılar


Tarix:30-12-2016, 20:52 Kateqoriya:Manşet / Türk dünyası

Orxon-Yenisey abidələrində ekoloji mahiyyətli yazılar

Bəllidir ki, türklər qədim sivilizasiyanın ayrı-ayrı qatlarında özünəməxsus dərin və pozulmaz iz buraxıblar. V-VIII əsrlərin nişanəsi olan Orxon-Yenisey abidələri belə izlərdən biridir. Bu abidələr qədim türk xalqlarının həyat tərzini, sosial vəziyyətini, döyüş şücaətini özündə əks etdirən kitabələrdir. Kitabələr üzərində təsvir olunan rəsmlərdə, yazı nümunələrində qədim türklərin ətraf mühitə münasibətilə bağlı maraqlı fikirlər vardır. Biz bunu əvvəlki məqalələrimizdə az-çox araşdırmışıq.

Orxon abidələrindən biri - Tonyukuk abidələrinin cənub üzündə (I daş) yazılmış 8-ci sətrə baxaq: “Keyik yeyərək, dovşan yeyərək otururduq. Xalqın boğazı tox idi. Yağımız ətrafda yırtıcı quş tək idi, biz sayıq idik. Eləcə oturur ikən oğuzlardan casus gəldi”. Təhlilə keçməzdən əvvəl bəzi məqamların üzərində dayanmaq istərdik. Çünki ifadə edəcəyimiz fikirdə bu, çox vacibdir. Abidənin tədqiqatçılarından olan S.Malov Orxon-Yenisey əlifbası ilə cızılmış mətni çevirərkən məzmun yanlışlığına yol verib. Türk tədqiqatçısı H.Orkun, həmçinin azərbaycanlı alimlər Ə.Rəcəbov və Y.Məmmədov həmin səhvə düzəliş edərək, yuxarıda göstərilən sətirdə “sayıq” sözünü “leş”lə əvəzləmişlər. Bu, həm də ekoloji fikir baxımından mətnin mahiyyətinə uyğundur. Qədim türklər ov obyektlərinin (keuik-cüyür və dovşan) adlarını bildirməklə ovçuluğun əhəmiyyəti və yırtıcı quşların çoxluğuğunu göstərmək istəmişlər. Yağının yırtıcı quşa bənzədilməsi, “sayıq” olmaqla ondan qorunmağa çağırırdılar. Şübhəsiz, onlar yırtıcı heyvanlar haqqında müəyyən bilgiyə malik imişlər. Başqa sözlə, yırtıcı nə demək olduğunu bilirmişlər. Professor Q.Mustafayevə görə, yırtıcı başqa heyvanları tutub yeyən heyvana yox, özü böyüklükdə və özündən də iri heyvanları tutub yeyə bilən heyvana deyilir. O, belə bir misal çəkir: Bülbül həşəratı tutub yeyir, hər ikisi heyvandır, lakin bülbül yırtıcı deyil. İnəyi, atı tutub yeyən canavar isə yırtıcıdır”. Biz də belə hesab edir və diqqəti 16-cı sətirdəki fikrə yönəldirik: “Qoşunu altı min imiş. Biz iki min idik. Döyüşdük. Tanrı yar olduğu üçün dağıtdıq (yaydıq), çaya töküldü...” Bundan əvvəlki sətirlərdə də həyəcan, qorxu dolu ifadələr var. Deməli, burda yırtıcı sözü təsadüfi işlədilməyib. Onun yerində hər hansı ifadənin işlənməsi səhv olardı. Ona görə də “biz sayıq idik” deyirdilər. Sayıq, ehtiyatlı heyvan özünü qoruduğu, salamat qalıb yaşaya bildiyi kimi, insan toplumu da özünü müdafiə edə, hətta qələbə çala bilər. Qədim türklərə nəinki yırtıcılıq anlayışı, hətta yırtıcı heyvan növləri də məlum idi. Orxon-Yenisey abidələrindən olan II əlyazmada (Irk Bitik) yırtıcı heyvanların adları çəkilmiş və düzgün təsvir edilmişdir. Əlyazmanın 4 və 5-ci səhifələrində “Arxam qızıl qanadlı qara quşam. Vücudum(un) görnüşü hələ tükənməzkən dənizdə yatıb arzu etdiyimi tuturam, sevdiyimi yeyirəm. O qədər güclüyəm. Onu bilin: yaxşıdır o. Parlaq xalxal şahin quşam, səndəl ağacı üstündə oturub zövq alıram. Onu bilin!”, 15-ci səhifədə “Xallı barsam. Qamışlar arasında başım, o qədər igidəm, cəsuram. Onu bilin”, 19, 20, 21 və 22-ci səhifələrdə “Quzğunu ağaca bağlamış, möhkəmcə bağla, yaxşıca bağla, deyir. Onu bilin. Yuxarıda duman durdu, aşağıda toz durdu. Quş balası uçaraq azdı, keyik balası qaçaraq azdı, insan oğlu yürüş edərək azdı. Yenə tanrı nəzərində üçüncü ildə hər şey salamat bütöv görünmüş, hamı şadlanır, sevinir deyir. Onu bilin, yaxşıdır o”, 40 v 41-ci səhifələrdə “Varlı kişinin qoyunu hürküb getmiş, canavar rast gəlmiş, canavarın ağzı sulanmış, keyfi çağ olmuş, - deyir. Onu bilin, yaxşıdır o”, 47 və 48-ci səhifələrdə “Bars - heyvan ov aramağa getmiş, ovunu ovlamış, ovlayıb yuvasına tərəf fərəhlənərək, sevinərək gəlir, deyir. Onu bilin: yaxşıdır o!”, 65-ci səhifədə “Doğan (şahin) çay quşu ov(un)a getmiş, qarşısına yırtıcı qara quş çıxmış, - deyir. Onu bilin: pisdir o!”, 66 və 67-ci səhifələrdə “Doğan quş (şahin) göydən ada dovşanı deyib şığımış, şahinin caynağı açılmış, yenə yığılmış. Doğan quşun (şahinin) caynağı (dovşana) batıb yuxarı qalxmış, dovşanın dərisi yırtılıb qaçaraq getmiş, belə deyir. Onu bilin: pisdir o!”, 74 və 75-ci səhifələrdə “Bars keyik, ov ovlamağa getmiş. Orta yerdə (yolun ortasında) ilanla qarşılaşmış. Xallı ilan sərt qayaya çıxıb getmiş, ölümdən qurtulmuş, ölümdən qurtulub fərəhlənərək, sevinərək gedir, - deyir. Onu bilin: yaxşıdır o!”, 78-ci səhifədə “Yırtıcı qara quşam. Yaşıl qaya yaylağım, qızıl (qırmızı) qaya qışlağım. O dağda durub zövq alaram. Onu bilin!”, 99-cu səhifədə “Mavi ala şahinəm, gözəl qayaya qonub gözləyirəm. Yarpaqlı, qovaq ağacına qonub yaylayıram, deyir. Onu bilin: yaman yaxşıdır o!” - deyilir.

Gətirilən misalları şərh edək. 1-ci misalda arxası “qızıl qanadlı” qara quşun dilindən onun bioekoloji xüsusiyyətləri qeyd edilir: xarici görünüşcə hələ tükənməz enerjiyə malik olduğu bilinən, arzu etdiyini və sevdiyini tutub yeyən, bəzi digər canlılara münasibətdə qorxulu və güclü heyvan təsiri bağışlayan bu quşun yırtıcı olduğu şübhə doğurmur. 78-ci səhifədəki “Yırtıcı qara quşam” ifadəsi də fikrimizi təsdiq edir. “O qədər güclüyəm” - deyə “öyünən” qara quş “Dənizdə yatıb arzu etdiyimi tutaram”, “yaşıl qaya yaylağım, qızıl qaya qışlağım”- deməklə təkcə yırtıcı olduğunu yox, həm də qida sahəsini, yaşama yerini nişan verir. Məlum olur ki, qara quş su hövzələrinə yaxın ərazidə yayılan, başqa sözlə, sahil qayalıqlarında yaşayıb, qidasını da elə buradakı sularda tapıb yeyən yırtıcı quşdur. Biz bu fikrə “Kitabi-Dədə Qorqud” dastanının “Qanlı qoca oğlu Qanturalı boyu”nda da rast gəlirik: “Sərt qayalar başında yuva quran”, “su dibinə girən quşu dartıb üzən” çal qara quş "bütün quşların sultanı" kimi təqdim olunur.

“Irk Bitik”də (“Falnamə”) taksonundan asılı olmayaraq, yırtıcı heyvanların xarakterinə ümumi, oxşar münasibət var. Ovuna pusqu qurmaq və ya izləməklə üzərinə qəfil sıçrayışlar edib (yaxud şığıyıb) onu ələ keçirmək Orxon-Yenisey abidələrində təsvir olunan yırtıcılara da aiddir. Yuxarıda qeyd etdiyimiz qara quş özünə lazım olan qidasını tutub yemək üçün gördüyü yerə - dənizə şığıyıb onu tutur. 15-ci səhifədə qamışlar arasında seçilməsin deyə pusqu qurmuş xallı barsın (bəbirin) igidliyi, cəsurluğu ilə yanaşı, ovetmə məharəti və manevri göstərilir. Barsın “başının qamışlar arasında” olması fikri müasir elmi əsaslara söykənir. Çünki o, bu vəziyyətdə ovunu yaxşı görə, izləyə və sıçrayıb tuta bilmək imkanı qazanır. Şikarı isə əksinə, onu bu vəziyyətdə görmədiyi üçün ehtiyatlanmır və tez ələ keçir. 19-22-ci səhifələrdə quzğunun göydə görünməsi ilə yemini təşkil edən canlıların qaçıb canını qurtarması bioekoloji baxımdan əhəmiyyət daşıyır. Ovlağa çıxan quzğunun yırtıcılıq keyfiyyətlərinin qabarıq poza alması şikarı tutmaqdan ötrü vacib uyğunlaşmadırsa, bəzi canlılar üçün ehtiyatlı olmaqdan ötrü şərtsiz qıcıqlandırıcıdır. Onlar qaçıb gizlənməklə növün salamat qalmasını təmin edirlər.

Barsın (47 - 48 səh.) və canavarın (40 - 41 səh.) heyvanları ovlayıb yeməsi yaxşı əlamət kimi xarakterizə edilir. Fikrimizcə, canavarın varlı kişinin hürkmüş qoyununa tamah salıb yeməsi, kefinin çağ olması onunla bağlıdır ki, o imkanlı adama məxsus heyvandır. Çox güman qoyunun yoxsul kişiyə deyil, varlı adama aid olması fikri qəsdən verilmişdir.

Burada insan ekologiyası ilə əlaqədar müəyyən elementlərə də rast gəlirik. Hər iki yırtıcının ov etməsi ona görə yaxşı hesab edilir ki, onlar qida tapıb ac qalmırlar, özləri də yeyir, balalarını da yemləyirlər; “ovunu ovlayıb yuvasına tərəf fərəhlənərək, sevinərək gəlir...” (47 və 48-ci səh.) Bu, növün yaşayıb salamat qalmasından ötrü vacibdir.

Yırtıcı quşlardan şahinin göydən şığıyaraq caynağını açıb adadovşanının dərisinə batırması və yırtıb dağıtması səhnəsi təsvir edilmişdir. Abidədə bir yox, bir neçə növdən olan şahindən söhbət açılır. Müxtəlif növlərə aid edilən bu yırtıcı quşların məskən saldıqları ərazi - qida və yaşayış sahələri də müxtəlifdir. “Parlaq xalxal şahin quşu” səndəl ağacı üstündə oturub zövq alırsa, “mavi ala şahin” yarpaqlı qovaq ağacına qonub yaylayır.

Abidədə həmçinin uzaq qohumlar arasında (səh.65) qidalanmanın rəqabət formasına rast gəlirik. “Çay quşu” ovuna gedən “doğanın” (şahinin) qarşısına yırtıcı qara quşun çıxması pis əlamət sayılır. Bu, ikincinin birinciyə nisbətən güclü olması və rəqabətdə onu udması - ac qoyması ilə bağlıdır.

İri pişikkimilərdən pələngin (barsın) ceyran, cüyür (keyik) ovlaması məlumdur. Lakin sürünən heyvanlar, o cümlədən ilanlar onların əsas qidası deyil. 74-75-ci səhifələrdə isə göstərilir ki, keyik ovuna gedən bars yolun ortasında ilanla qarşılaşır. Xallı ilan sərt qayaya çıxıb gedərək ölümdən qurtarır və buna sevinir... Burda məqsəd şahinin heç də barsın yemi olduğunu göstərmək yox, çətin situasiyalarda təkamüldə qazandığı qorunma tədbirlərindən istifadə edərək, növü yaşatmaq bacarığını qabartmaqdır. Əlbəttə, ilan sərt qayaya çıxıb getməklə canını pələng kimi cəld, manevrli yırtıcıdan qurtara bilməz. “Sərt qaya” ifadəsi sadəcə, etibarlı qorunmaya işarədir.

19-22-ci səhifələrdə quzğunun yırtıcılı olması o qədər şiddətli təsvir edilir ki, onu “ağaca bağlamış, möhkəmcə bağla, yaxşıca bağla deyir”. Qorxunun şiddətindən yuxarıda duman, aşağıda toz durur, quş balası uçaraq, keyik balası qaçaraq, insan oğlu yürüş edərək azır. Abidəyə görə, nəsl tamam tükənmir, salamat qalanlar çoxalaraq artır və tanrı nəzərində üçüncü ildə hər şey salamat, bütöv görünür. Hamı şadlanır, sevinir. Bu, yaxşı əlamətə yozulur. Çünki biosferin tamlığı pozulmur.
“Falnamə”də digər abidələrdə olduğu kimi ovçuluğun ətraf mühitə təsirinə dair maraqlı fikirlər toplanmışdır. Qaydasız ovetmə heyvanların təbii ehtiyatlarını azaldır, hətta onları tamamilə tükəndirə bilir. Belə neqativ hallar həmişə pislənmişdir. “Ər ova getmiş, dağda dua etmiş, tanrıdan qüdrət, - deyir. Onu bilin: pisdir”. Yaxud, “Durna quşu düşərgəsinə qonmuş, duymadan tora ilişmiş, uçmağı bacarmadan oturur, - deyir. Onu bilsin: pisdir o?” Təkcə durnanın deyil, ümumilikdə, bütün heyvanların öz ərazisində, sakit vaxtı ovlanması, onlara tor qurulması yaxşı qəbul olunmur. Tor qurmanın özü pis əlamətdir. Buna təsadüf nəticəsində güclü də, zəif də düşə bilər. 97-ci səhifədə təbiətə ikili münasibətin şahidi oluruq. “Xanlıq qoşunu ova çıxmış, çayır (çəmən) içinə əlik, keyik girmiş, xan əliyi tutmuş. Bütün qoşun əhli fərəhlənir. Onu bilin: yaxşıdır o!” Niyə heyvanların ovlanması yaxşı sayılmalıdır? Fikrimizcə, bu qoşun əhlinin-ordunun qidaya zəruri ehtiyacından irəli gəlir. Aclıq keçirən “bütün qoşun əhli fərəhlənir”, çünki ehtiyacını ödəyir.

II əlyazmada nəsil qayğısına da diqqət yetirilir: “Nəsil verən xoşbəxt ayğıram. Qozağacı yaylağım, quşlu ağac qışlağım, orada durub zövq alıram, - deyir. Onu bilin yaxşıdır o”. Və ya “ilinə çatmışı (yaşı çatmışı, qocalmışı) ürütməyim, ayına çatmışı (az yaşlı) məhv etməyim, yaxşısı olsun, - deyir. Onu bilin, yaxşıdır o!” Göründüyü kimi, birinci misalda ayğır (erkək at) özünü xoşbəxt sayır, ona görə ki, döllü nəsl verə bilir. Burada ayğırın həyatında mövsümi dəyişikliklər öz əksini tapıb. Odur ki, qozağacı yaylağı, quşlu ağac qışlağından mükafatı var. İkinci misalda, qocalmışı ürütməmək - incitməmək, azyaşlını məhv etməmək - öldürməmək, yəni nəsil törətməsinə şərait yaratmaq, mane olmamaq tövsiyə edilir. Bundan ötrü yaxşısını seçmək - ovlanması nəsilvermə üçün problem yaratmayan, yaş dövrlərinə görə heyvanları seçmək qarşıya məqsəd qoyulur. Abidədə heyvanlara neqativ və pozitiv münasibətlər də öz əksini tapıb. Qədim türklər heyvanlara neqativ münasibətləri pisləyirdilər ki, biz buna abidə üzərində rast gəlirik. 37-38-ci səhifədə “İki öküzü bir boyunduruğa qoşmuş, hərəkət etməyi bacarmayaraq durur, - deyir. Onu bilin: pisdir o”. İki öküzün bir boyunduruğa qoşulması yaxın 50-60 il öncəyə qədər davam etsə də, bunun neqativ cəhətləri barədə təxminən 15-16 əsr əvvəl narahatçılıq ifadə olunurdu ki, bu da heyvanları incitməməklə bağlı idi. Qədim və orta əsr türkləri, eləcə də azəri türkləri gələcək nəsildə təbiətə qarşı müsbət emosiyalar yaratmaq, onları ətraf mühitə qağıkeş ruhda tərbiyə etmək üçün bu variantı seçmişlər. Şübhəsiz, əhalidə ekoloji fikirlərin inkişafı baxımından bunun əhəmiyyəti olmuşdur.

Qədim türklərə heyvanlar xəstələnərkən istifadə etdikləri dərman bitkiləri də məlum idi. 25-ci səhifədə oxuyuruq: “Minik atı şərq günəşli yerdə arıqlayıb. Zəifləyib duraraq qalmış. Tanrı gücünə dağ üstündə bulaq, su görüb orman üstündə tər ot görüb qaçaraq getmiş, su içib, tər ot yeyib ölümdən xilas olmuş,-deyir. Onu bilin, yaxşıdır o.” Günəşli, isti yerlərdə, xüsusən yay aylarında, soyuq qış aylarına nisbətən oranizm zəifləyib arıqlayır. Ölümcül dərəcədə zəif düşmüş at şəfaverici sulardan içərək, otlardan yeyərək sağlamlığını bərpa edir. Artıq elmə məlumdur ki, xəstələnən heyvan şəfalı bitkiləri seçib yeməklə özünü müalicə edir. Görünür ki, o dövrdə əhali bəzi məlumatlara malik imişlər.

“Falnamə”də heyvanlar arasındakı münasibətlərə (səh.10-11) də rast gəlirik. “Ayılı donuzlu dağ keçidində qarşılıaşıbmış. Ayının qarnı yarılmış, donuzun köpək dişi sınmış,- deyir. Onu bilin; pisdir o.” Qabanla ayı bir-birilə vaxtaşırı münasibətdə olan heyvanlardır. Z.Novruz “Vəhşilər arasında” adlı kitabında müşahidələrinə əsasən yazır ki, ”Adi şəraitdə ayı və qaban qonşu yaşayırlar. Bütün hallarda qonşuluq prinsipini ayı pozur.” Bu, ayının qaban ətini xoşlamasından irəli gəlir. “Qaban qılınc dişini işə salmağa imkan tapırsa, ona hücüm edən ayını öldürə bilir.” Bu, o halda baş verir ki, ayı qabanı yaralasın, yaxud balasını aparmaq istəsin. Yuxarıdakı misalda ayılı-donuzlu dağ kəndində qarşılaşıbmış cümləsindəki ”donuzlu” fikrimizcə, çöl donuzudur - qabandır. Yəni ayı ilə çöl donuzu - qaban dağ keçidində qrşılaşaraq köpək dişi ilə (ağzının yanlarından bayıra çıxmış bir cüt köpək dişləri qabanlarda olur. Qədim türklər bunu elmi cəhətdən düzgü müşahidə ediblər) ayının qarnını yirtmış. Nəticədə köpək dişi sınmışdır. Biotik əlaqənin qidalanma formalarına nümünədir. 12-ci səh-də faydalı xüsusiyyətlərinə görə canlı orqanizmlərin məhv olmasından bəhs edilir. “Qızıl başlı ilanam. Qızıl qursağımı qılıncla kəsib özümü tulladın, başımı evə göndər,- deyir. Onu bilin, pisdir o.”

Folklorda qızılbaş ilanının faydalı cəhəti barədə məlumat verilir. Xalq təbabətində ilanın başı, dərisi və qursağından müxtəlif dərmanlar hazırlandığı və müalicə vasitəsi kimi istifadə edildiyi məlumdur. “Qizilbaş ilanın” “qızıl qursağı”nın və başının kəsilib evə gətirilməsi, qalan orqanlarının kəsilib atılması göstərir ki, bu nəcib sürünən heyvana qarşı neqativ münasibət onun nəslinin kəsilməsi təhlükəsini yaratdığı üçün narhatlıq ifadə olunmuş və pislənmişdir. Çətin anlarda heyvanların insanlara kömək etməsi təkcə nağıllarda deyil (“Məlikməmməd”, ”Vəfalı at” və s.), real həyatda da rast gəldiyimiz hadisələrəndir. Məsələn, at, it ayı, dəvə, delfin və b. belə heyvanlardır. “İrk Bitik”in 52 və 53-cü səhifələrində maraqlı fikirlər çoxdur: “Ər qoşuna getmiş, yolda atı xəstələnmiş, ər qu quşu ilə qarşılaşmış, qu quşu qanadına vurub (alıb) onunla yuxarıya qalxaraq anasına, atasına çatdırmış. Anası, atası fərəhlənər, sevinər,-deyir. Onu bilin, o yaxşıdır.” Döyüş gedən igidin ati ağır vuruşlardan sonra xəstələnir (yaralanır). Sahibini mənzil başına çatdıra bilmir. Bu zaman onun köməyinə qu quşu gəlir. Igidi qanadına alıb valideynlərinə qovuşdurur və onları sevindirir. Bu bizə Məlikməmmədi işıqlı dünyaya çıxaran Zümrüd quşunu xatırladır. Hər ikisi - qu quşu da, zümrüd quşu da alleqorik obrazdır. Onlar təsvir olunan köməyi etmək gücündə deyillər, lakin əhalinin ekoloji tərbiyəsində bu cür fikirlər faydalı olmuşdur.

“Orxan-Yenisey abidələri”ndə ovçuluğun və müharibənin ətraf mühitə təsiri barədə maraq doğuran məlumatlara rast gəlirik. “Elegeş abidəsi”ndə: - “Yüz igid dostum güclü (olduğu) üçün, yüz ərən öküzə hücum etdiyi üçün ayrıldım” (tərcümə 2-ci sətr ). “Beqre abidəs”ndə: - “Yeddi canavar öldürdüm, bars, xallı maral öldürmədim” (sağ tərəf, tərcümə 10-cu sətr). ”Birinci Altın-Göl abidəsi”: - “Qızıl sona, cavan (körpə) keyiki (dağ keçisi) axtar, ağlat, hönkürt. Bacardığı üçün barsım (bəbirim) ayrılaraq getdi (öldü), əfsus” (sağ tərəf, tərcümə. 6-cı sətr). “Üçüncü Uybat abidəsi”ndə: - “Altı yaşımda atadan ayrıldım (atasız qaldım), tanınmadım. Üç böyük qardaşımdan, əfsus, ayrıldım. Ovçu...üç böyük qardaşıma ata mən idim, adım idi birlikdə” (arxa tərəf, tərcümə.16-cı sətr). “Kemçik-Cirğak abidəsi”də: - “Böyük qohumlarım, kiçik (cavan) qohumlarım, ilxım sizdən, ovda qurban verdiyim atım ağ...” (arxa tərəf. tərcümə. 7-ci sətr). “Kül Çor abidəsi”ndə: - “...idi. Döyüş olsa, qoşun göndərərdi, ov ovlasa rmlə (?) tək idi.” (Qərb tərəfi, tərcümə. 9-cu sətr).”Abakan abidəsi”ndə: - “Doğdu, dursun, artsın. Kuş ovlayan müdrik tutuk yox artsın (artmasın). Alp Kökşin oturdu.” (Qabaq tərəf, tərcümə. 5-ci sətr).

Qeyd etdiyimiz abidələr üzərindəki mətnlərdən verdiyimiz seçmələrə ekoloji baxımdan yanaşsaq görərik ki, qədim türklər ətraf mühitə ovçuluğun təsiri barədə məntiqi nəticəyəgəlməyi bacarmışlar. “Yüz igid, güclü dost”unun “əlli öküzə hücum” edib öldürməsini faciə kimi qəbul edən türk bahadırı bu səbəbdən ondan ayrıldığını deyir. Yəni dostunun heyvanlara qarşı pis münasibəti xoşuna gəlmir (Elgeş abidəsi). Türk yeddi canavar öldürdüm deyir. Niyə məhz canavar, axı öldürmədiyi bars da yirtıcıdır. Deməli, ovun heç də insan üçün yırtıcı heyvan olması və qida kimi istifadəsi şərt deyil. Burda onu ən çox maraqlandıran təsərüfatına ziyan vuran heyvandır. Bu mənada insanın yaşayış məskənlərinə, ov heyvanlarına hücum edib zərər verdiyi üçün canavarı öldürür və buna fərəhlənir. Eyni zamanda demək istəyir ki, mən təkcə xallı maralı yox, bars kmi yırtıcını da öldürməmişəm. Əks halda, təbiət kompleks ziyan dəyərdi. Məqsədim canlı təbiəti məhv etmək olmayıb (Beqre abidəsi). Qəbul olunmuş ovçuluq qaydalarından biri də budur ki,boğaz və körpə heyvanları ovlamaq, onları öldürmək olmaz.. Bu, dində günah sayılır. Milli adət-ənənələrimizə də ziddir. N.Gəncəvinin “Yeddi gözəl” əsərində Bəhram şah gur ovlayarkən cavanlarına qıymır, boğaz gurları öldürmür. Azərbaycan və türk folklorunda, mifoloji ədəbiyyatlarda, tarixi qaynaqlarda belə misallara çox rast gəlmək olar. Burda dacavan keyiki ovladığı-“ağlatdığı”, “hönkürtdüyü” üçünbars ayrılaraq gedir”-ölür. Yəni dini baxımdan, körpə heyvanları öldürdüyünə görə günaha batır və özü də ölümə məruz qalır..

Əlbəttə, bars (bəbir) üçün bir yırtıcı kimi ovladığı heyvanın yaş fərqi yoxdur. Bars körpə keyiki “hönkürtməyi” bacardığı üçün ölür. Bununla barsın qidasını hansı heyvanların təşkil etdiyi bildirilir. Nədənsə tərcüməçilər keyiki mötərizədə dağ keçisi kimi veriblər. Bars isə həm bəbir, həm də pələng kimi tərcümə edilib (Birinci Altın-Göl abidəsi). Altı yaşında atasını itirən balaca bir uşaq erkən ovçuluq edərək özündən böyük üç qardaşına da “ata” olur. Yəni ov hesabına başsız qalmış ailənin dolanışığını təmin edir. Abidə üzərindəki təsvirdən belə çıxır ki, ovçu ov qaydalarına düzgün əməl etmədikdə, abqibəti pis olur. ”Üç böyük qardaşımdan, əfsus ayrıldım“ deməklə, elindən, oğlundan, hətta xanın mehriban nəvazişindən də doymayaraq nakam ayrıldığını qeyd edir (Üçüncü Uybat abidəsi). Əski qaynaqlarda türk xalqının döyüşkənliyi, cəsurluğu ilə bərabər, ova meyilliyi də təsvir edilir. “Döyüş olsa, qoşun göndərərdi, ov ovlasa rmlə tək idi”. (Kül Çor abidəsi)., yaxud “...ovda qurban verdiyim atım ağ...” (Kemçik-Circak abidəsi) kimi ifadələr bunu göstərir. Ancaq mətnlərdə qaydasız ovun acı nəticələri və onu doğuran səbəblərə münasibət də var. Quş balalayır, nəsil verir ki, artsın, amma “müdrik” adlandırılan bir valinin (tutuk-qoşunda rütbəli şəxs) silahına tuş gəlir. Onun bu hərəkəti pislənir. “Kuş ovlayan tutuk artmasın”. Yəni neqativ əməlinə görə ölsün, çünki təbii sərvəti məhv edir, çoxalmanın qarşısını alır (Abakan abidəsi).
“Gül Çor abidəsi”ndə də “Döyüş olsa, qoşun göndərərdi, ov ovlasa rmlə tək idi” sətrinin birinci hissəsində müharibənin, döyüşün ətraf mühitə təsiri əks olunub. Döyüşlərin baş verdiyi, qoşunların keçib getdiyi yerlər kütləvi insan ölümü ilə məhdudlaşmır, həm də ərazidəki mövcud bitki və heyvan növlərinin stabilliyi pozulur, tapdaq altında qalaraq sıradan çıxır, hərbi silahların qurbanı olur. Qoşunların və atların ayaqları, döyüş arabalarının təkərləri altında qalan əkin və biçənək torpaqları yararsız hala düşür. Təbiət və tarixi abidələr dağıdılır, faydalı qazıntılar qarət edilir. “Gül Çor abidəsi”nin Şərq tərəfi üzərindəki 22 və 23-cü sətrdə oxuyuruq: “...döyüşdə vuruşub qoşununu qırdı, elini aldı, oğlunu, adamlarını bu... xaqanına işbara müdrik Küli çor...” “...ölüləri o qədər imiş. Yağıya yalqız (təkcə) sürətlə hücum edib arasına girib özü qısa (qəfil) həlak oldu”. Burda, kütləvi insan qırğını ilə bərabər, qəhrəmanlıq, qorxmazlıq, şücaətlik obrazı da təsvir edilmişdir. “Kül Tigin abidəsi”ndə müharibənin dağıdıcılıq xüsusiyyəti göstərilir: “Qırx yeddi yol qoşun çəkmiş, iyirmi döyüş döyüşmüş, Tanrı yar olduğu üçün ellini elsizləşdirmiş, xaqanlını xaqansızlaşdırmış, yağını tabe etmiş, dizlini çökdürmüş, başlını səcdə etdirmiş. Atam xaqan bunca...” (Şərq tərəfi, 15-ci sətr). Kül Tiginin igidliyndən danışılan bu abidənin Şimal tərəfi üzərindəki yazılarda döyüş zamanı atların öldüyündən, döyüşçülərin mühasirəyə alınaraq qılıncdan və nizədən keçirildiyindən bəhs olunur. “Bilgə Xaqan abidəsi”ndə amansız döyüşlərin nəticələrinin daha sarsıdıcı və dəhşətli olduğu bidirilir: “...Tabğac atlı (süvari) qoşununun on yeddi min əsgərini birinci gün öldürdüm. Piyada qoşununu ikinci gün bütünlükə (toplaşıb getdi)...” “...yol qoşun çəkdim... (otuza doqquz yaşımda) yazda tatabılara qarşı qoşun çəkdim...” “Mən öldürdüm...Oğlunu, qız-gəlinini , ilxısını, var-dövlətini...” “xaqanını...qız, gəlinini məhv etdim...” (Cənub tərəfi. 1,2,3.4-cü sətirlər). Böyük türk tarixində ciddi rol oynamış Bilgə xaqan müxtəlif yerlərə səpələnmiş türkləri birləşdirmək üçün təəssüf ki, o dövrün ənənəvi metodunu - müharibəni seçmişdi. Abidənin (şərq tərəfi) 29-30-cu sətirlərində deyilir: “...Doqquz oğuz mənim xalqım idi. Göylər, yerlər qarışdığı üçün, həsəd günü çatdığı üçün yağı oldu. Bir ildə dörd yol döyüşüdüm...” Şübhəsiz, bu “döyüşlər” çoxlu mqdarda insanın məhvi ilə nəticələnmiş, ətraf mühitə ciddi ziyan dəymişdir. Abidənin qərb tərəfinin 5-ci sətrində müharibənin ətraf mühitə təsiri kimi “dağda sığın qaçsa...” oxuyuruq. Müharibə çox vaxt təbii səngərlərdə - sıx meşələrdə, qaya arxasında, dərə və təpəliklərdə aparılırdı ki, tələfat az olsun, düşmən çox itki versin. Bu zaman ərazidəki müxtəlif canlıların həyatı təhlükə qarşısında qalırdı. “Süngü batımı (süngü qədər qalınlığı olan) qarı sökün”. Kögmən ormanını üzüyuxarı yüyürüb qırğız xalqını yuxuda basdım (məğlub etdim). Xaqanı ilə Sona ormanında döyüşdüm. Xaqanını öldürdüm, elini onda aldım. O ili türkişlərə qarşı Altun ormanını aşaraq, İrtış çayını keçərək yürüdüm (yürüş etdim) (Şərq tərəfi, 26-27-ci sətr). Burada Gökmən, Sona və Altun ormanları meşəli dağlardır. “Süngü qədər qalınlığı olan qarı sökün” düşmən üstünə gedən qoşun meşə ekosisteminə mənfi təsir göstərməyə bilməzdi. Eləcə də müharibənin aparıldığı başqa ormanlara, məsələn, Yuxarı Ötükənə və s.

Müharibənin ətraf mühitə təsir vasitələrindən biri də maddi-təbii sərvətlərin qarət edilməsidir. Qiymətli filiz yataqlarının ələ keçirilərək daşınması, xalqın mənəvi dəyərlərinin (maddi mədəniyyətinin) dağıdılması müharibənin səciyyəvi xarakteridir. Orxan-Yenisey abidələrində biz buna aid misallarla qarşılaşırıq: “Tinəsi oğlu yata dağa çatmış, sahibi yox imiş. O yerə mən müdrik Tonyukuk hücum etdiyim üçün “sarı qızıl, parlaq gümüş, qız-gəlin, xalça, saysız pul gətirdi...” (Tonyukuk abidəsi. tərcümə. II daş. Cənub tərəfi. 47-48-ci sətrlər), yaxud ”...Karluq və tibetlilərə hücum etdi. Bayraqlarını parçaladı. Başlarını qopartdı, qaçanları təqib edərək qərbə doğru Pahana ölkəsinə qədər qovladı. Xalqı mal-qaraları ilə birlikdə əsir aldı. Bu səbəbdən Yəbqu onun əmr və fərmanlarını dinləyərək torpaqlarını tərk etdi” (Üçüncü Uyğur abidəsi. Mətnin çincə tərcüməsi. 20-ci sətr.) Başq bir misal. “On yeddi yaşında tanqutlara qarşı qoşun çəkdim. Tanqut xalqını pozdum, oğlunu, qız-gəlinini, ilxısını, varını (dövlətini) onda aldım... ” (Bilgə Xaqan abidəsi. I daş. tərcümə. Şərq tərəf. 24-cü sətr)

Orxon-Yenisey abidələrində heyvani qidalardan və ağır içkilərdən (spirtli içkilərdən) imtina ilə bağlı maraqlı fikirlər vardır (8 və 9-cu sətirlər). Üçüncü Uyğur abidəsinin çincə mətnində bu barədə yazılıb. Bu cür münasibət heyvanları qida tələbatına görə məhv etməkdən çəkindirir, orqnizmə mənfi təsir göstərən zərərli içkilrdən daşındırırdı. İsti qan içmək qatillik sayılırdı. Tövsiyyə olunurdu ki, “işıq dinini qəbul etməlisiniz”(10-cu sətr). Fikrimizcə, “işıq dininə” sitayiş zərdüştçülüyün izləri kimi faydalı cəhətinə görə təbliğ olunurdu. Buna səbəb canlı orqanizmlərin inkişafında işığın, yəni günəş işığının - hərarətin, istiliyin əhəmiyyət daşıması idi. “Üçüncü Barlı abidə”si üzərindəki 3-cü sətr həmin fiktin doğruluğunu təsdiq edir: “Göydəki gündən, yerdəki elimdən doymadım”. Günəş - işıq, istilik olmadan canlı orqanizmlərin inkişafı mümkün deyil. Qədim türklər ekoloji baxımdan bunu çox düzgün anlamış və ölçülüb - biçilmiş fikir yrütmüşlər. Qədim türklər canlının inkişafını yalnız Günəşlə (işıq və istilkilə) məhdudlaşdırmır, oprimal şərait baxımdan mühitin qidalılığını, torpağn münbit olmasını da əsas götürüdülər. Üçüncü Uyğur abidəsinin çincə mətninə (15-ci sətr) yenidən nəzər salaq: “Torpaqlarında rahat duran və təmiz hava niyyyətilə nəfəs alan əhalidən yaxşı olanları iltifata qərq etdi; ona qarşı çıxanları isə qızıl qana boyadı. Bundan sonra şoran yerdə köçəri həyat sürənləri şirin dillər tökərək oturaq həyata dəvət etdi və xalqa iltifat göstərdi.” Şoran torpaqlar məhsul vermir. Ona görə də Göy Xaqan belə yerlərdə köçəri həyat sürməkdənsə, əksinə yararlı münbit torpaqlarda məskunlaşaraq oturaq həyat keçirməyə, əkib-becərməyə çağırırdı. Burada torpağın ekoloji cəhətdən yararlı - yararsız olması diqqətə çatdırılır, təmiz hava ilə nəfəs almağın faydası bildirilir.

Orxon-Yenisey abidələri üzərindəki heyvan təsvirləri, ayrı-ayrı mətnlərdə bir çox heyvanların adlarının çəkilməsi abidələrin qoyulduğu (yazıldığı) dövrlərdə bioloji müxtəliflik barədə müəyyən təsəvvürlər yaradır. “Gül Tigin abidəsi”nin üzərində əjdaha və dağ keçisi, “Bilgə Xaqan abidəsi”ndə əjdaha (ilan), “Ulan-Bator Kirəmid abidəsi”ndə və “Bir balbal abidəsi”ndə iki təkə (erkək keçi) rəsmləri təsvir olunub. Bunlardan əlavə, mətnlərdə bars (pələng), dovşan, keyik (ceyran), xallı maral, canavar, at, öküz (inək), ilan, qızıl quş, şahin, böcək, qurd və s. heyvan, eləcə də müxtəlif növ bitki adlarına rast gəlirik. Orxon-Yenisey abidələrindəki 12 ildən bir dəyişən heyvan təqvimi də göstərir ki, qədim türklərə heyvanların davtranışları, həyat tərzi və bioloji xüsusiyyətləri məlum imiş. Qara-Yus, Uyuq-Arxan abidələri üzərində, digər abidə və başdaşılarında müxtəlif növ heyvanların təsviri əksini tapıb. Bunlardan maral, qaban, vəhşi öküz, və s. göstərmək olar.

Orxon-Yenisey abidələrində qiymətli daşların xassələri barədə də məlumat verilir. Bu bizə böyük Azərbaycan mütəfəlkkiri Nəsrəddin Tusinin “Tənsuqnamey-Elxani” (“Cəvahirnamə”) əsərini xatırladır. “Turran abidəsi”ndə açıq-mavi daşın Tahir (Merkuri), açıq daşın Hürmüzd (Yupiter), sarı daşın Venera, qara daşın Saturn, sarı-qırmızı daşın Ayın əlaməti olduğu bildirilir. Göründüyü kimi, planetlər haqqında da müəyyən təsəvvürlərə malik olan qədim türklər, səhvən Ayı da onların sırasına daxil etmişlər. Qeyd etmək lazımdır ki, həmin dövrdə Ayın Yer planetinin təbii peyki olması barədə elmi kəşflər məlum deyildi.

Qədim türklər, bütün daşların fəziləti olduğuna inanırdılar. Onlar hesab edirdilər ki, kim qırmızıtəhər su çıxan açıq daşı üzərində gəzdirsə, həmişə uğur qazanar. Həmin daşdan açıq-mavi su çıxsa, yabançı adamdan (düşməndən) təhlükə görməz, yaşıl su çıxsa zəhərli qurd və böcəklərin qorxusu olmaz.

Orxon-Yenisey abidələrində ekoloji mahiyyətli yazılar Nəticə: qədim türklər müəyyən səviyyədə ekoloji fikirlərə malik olmuşlar. Ona görə də ətraf mühitin qorunması, onun faydalı və zərərli cəhətləri barədə düşüncələrini abidələr üzrində əks etdirməyə çalışmışlar. Təəssüf ki, indiyədək Orxon-Yenisey abidələri tarix və dilçilik istiqamətində öyrənilsə də, bu sahədə hələ ciddi elmi araşdırma aparılmamışdır. Zənnimcə, ekologiyanın öyrənilməsi və tarixiliyi baxımdan Orxon-Yenisey abidələrinin tədqiqi çox vacibdir.

Yusif DİRİLİ (Mahmudov),
Ətraf mühit üzrə tədqiqatçı.











SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB